İndoneziyada “Azərbaycan günü”
İndoneziyada Azərbaycan günü keçirilib. İndoneziyada hər il “High-Scobe” məktəbəqədərki beynəlxalq tədris müəssisəsində keçirilən beynəlxalq günlərdə ilk dəfə olaraq bu il “Azərbaycan Günü” də yer alıb. Həmin gündə uşaqlar Azərbaycan dilində danışmağı, saymağı, özlərini təqdim etməyi öyrəniblər. İndoneziyada magistr təhsili alan Azərbaycanlı tələbə Elmar İsgəndərov bildirib ki, belə bir günün təşkil olunmasında məqsəd Azərbaycanı tanıtmaqdır: “İndoneziya məktəblərində və universitetlərində hər il keçirilən beynəlxalq günlərdə və mədəniyyət gecələrində Azərbaycanı daim təmsil etməyə çalışırıq. Nəzərə alsaq ki, Azərbaycan İndoneziyada yeni-yeni tanınmağa başlayır, bu kimi tədbirlərin tez-tez keçirilməsi vacibdir. Burada məqsəd istər məktəblilərə, istərsə də tələbələrə, həmçinin də ümumilikdə İndoneziyada gənc nəslə Azərbaycan haqqında biliklər və sevgi aşılamaqdır. Qeyd edək ki, bu kimi beynəlxalq tədbirlərdə adətən yerli televiziya kanalları da iştirak edib reportaj hazırlayırlar. Qarşıda duran vəzifələrdən biri isə İndoneziyanın bir neçə aparıcı universitetlərinin kitabxanalarına Azərbaycan həqiqətləri haqqında, mövcud siyasi durum, iqtisadi inkişaf, Dağlıq Qarabağın işğalı haqqında kitabların təqdim edilərək yerləşdirilməsidir. Qeyd olunan kitabları Cakartadakı səfirliyimiz vasitəsilə əldə etmişik, universitetlərlə danışıqlar aparıram tezliklə istəyimizə nail olacağıq”.. Qeyd edək ki, bir həftə davam edən beynəlxalq günlərdə Amerika, Çin, Koreya, Yaponiya, Fransa günləri də keçirilib.
Kamran