Dünya ulduzları pul qazanmaq üçün yalnız istedadlarından istifadə etmirlər. Ciblərini doldurmaq üçün populyarlıqları da onların köməyinə çatır. Əksəriyyəti də sosial şəbəkədəki profillərindən, xüsusi ilə də “İnstagram”dan istifadə edərək, müxtəlif məhsulları reklam edir və necə deyərlər oturduqları yerdə “qaz vurub, qazan doldururlar”.
Azərbaycanda da artıq bu ənənə formalaşmağa başlayıb. Görək bizim məşhurlar bir paylaşım üçün nə qədər pul qazanırlar?
Yenicag.az kiçik bir araşdırma aparıb. Çoxları bunu kommersiya sirri kimi qiymətləndirib, bu barədə danışmaqdan imtina etsələr də, qiymət açıqlayanlar da oldu.
Tanınmış aparıcı, bəstəkar və şoumen Murad Arif sosial şəbəkədə hər iki paylaşımı üçün 500 manat aldığını deyir.
Gənc aktrisa Cəmilə Tağızadə isə barter üsuluna üstünlük verdiyini deyir:
“Mən adətən, dost-tanışın reklam xarakterli paylaşımlarını edirəm. Bir də görürsən kimsə drektimə yazıb nəsə xahiş edir, mən də xətrinə dəymirəm, paylaşıram. Düşünürəm ki, buna görə “zərim tökülməyəcək”, qoy paylaşım. Amma daha çox barter üsuluna üstünlük verirəm. Hansısa məhsulu, geyimi, yaxud da əşyanı reklam edirəm, əvəzində o məhsulları mənə hədiyyə göndərirlər. Bu, puldan da sərfəlidir”.
Müğənni Günay İbrahimlinin cavabı qısa və konkret oldu:
Bir paylaşımın qiyməti 450-500 manatdır.
Aparıcı Vusalə Kərimova də reklama görə pul qazananlar sırasındadır:
“Hər hansı bir məhsulu reklam edərkən onun keyfiyyətinə əmin olmalıyam, yalandan camaatı aldada bilmərəm. Daha sonra qiymət məsələsində razılığa gəlirik. Qiyməti açıqlamayacam, çünki bizim camaat bildi-bilmədi başqasının pulunu saymağa adət edib. Onu da deyim ki, bəyəndiyim məhsulları səhifəmdə pulsuz paylaşdığım vaxtlar da olur”.
Müğənni Yaşar Cəlilovun da fikri belə oldu:
“Reklam xarakterli, pullu paylaşımlar etmirəm. Dostlarımın obyektləri ilə bağlı paylaşımları da havayı edirəm. Hər halda onlardan da pul alan deyiləm”.
Gənc aktrisa Zümrüd Qasımova kommersiya sirrini açmalı oldu:
“Pul ödəyib, aldığım məhsulları səhifəmdə reklam etmirəm, çünki pul verib almışam. Kimisə, ya hansısa məhsulu reklam edirəmsə, ya barter olmalıdır, ya da pulu ödənilməlidir. Bu, mənim öz ixtiyarımda olan məsələdir. Bir paylaşımın qiyməti 1000-2000 manat civarındadır”.
Aktrisa Əfsanə Qasımova isə konkret rəqəm açıqladı:
“Mən reklam çarxlarına çəkildiyimdən sosial şəbəkədəki səhifələrimdə də paylaşımlarım çox olur. Adətən, barter üsuluna üstünlük verirəm. Digər məhsullara gəlincə, brenddən asılı olaraq qiymət dəyişir. Bir paylaşımın qiyməti isə 800-1000 manatdır”.
Sosial şəbəkədə izləyici sayına görə öndə gedən xalq artisti Faiq Ağayev yalnız sənəti ilə bağlı paylaşımlar etdiyini bildirdi.
Müğənni Eldar Qasımov da reklam xarakterli paylaşımlar etmədiyini dedi.
Aktrisa Hüsniyyə Mürvətova, Pərvin Abıyeva, Sevil-Sevinc bacıları və digər sənətçilər isə sualı cavabsız qoydular.
Cəvahir
Yenicag.az