Qəfil itkilərin ağırlığına tab gətirməyən MƏŞHUR – Nailə Mirməmmədlinin DOĞUM GÜNÜDÜR
Saysız-hesabsız mahnılara can verdi, əsl sənət əsərləri ilə insanlara əsl musiqi zövqü yaşatdı və bu gün də yaşatmaqdadır. Həyatda yaşadıqları dərdləri unutmaq və ağrısını azaltmaq üçün bəstələrinə güc verdi. Amma o ağrılar nəinki azaldı, əksinə, daşıdığı dərdlərin ağırlığına dözə bilməyən ürəyi soyuq bir yanvar günündə əbədi olaraq dayandı.
Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Nailə Mirməmmədlinin doğum günüdür. Hər zaman pozitiv görünsə də, xoşbəxt deyildi. Həyat ona dalbadal ağır zərbələr endirmişdi. 2001-ci ilə ilk zərbəni atasını itirməklə aldı. Bir il sonra isə onu həyatın daha ağır və daha amansız sürprizi gözləyirdi. Həmin vaxt oğlunun doğum gününə hazırlaşırdı, amma oğlunun dənizdə batması xəbəri ilə dünyası qaralır. Həmin gün dəhşətli xəbərdən sarsılan həyat yoldaşı Hikmət Mirməmmədli də infarkt keçirir.
Üstündən 5 il keçməmiş yenə də doğum gününə hazırlıqlar görülür. Bu dəfə ömür-gün yoldaşının doğum günü qeyd olunacaqdı. Amma Hikmət Mirməmmədli ikinci dəfə infarkt keçirərək onun qolları üstə həyatını itirir. Bu yükü daşıya bilmək üçün xanım bəstəkar mahnıları mahnılara calayır, acısını azaltmaq üçün Allahdan güc istəyir. Amma 2021-ci ilin yanvarına qədər tab gətirə bilir. Soyuq bir yanvar günündə ürək tutmasından bu dünya ilə vidalaşır.
Amma bu gün onun nəğmələri yaşayır. Nə qədər ki, o nəğmələr yaşayacaq, Nailə Mirməmmədli də yaşayacaq…
Cəvahir