“Bəzi aidiyyatı qurumlar öhdəliklərinə düşən işləri hələ də həyata keçirməyiblər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar intensivləşən yol nəqliyyatı hadisələrinin səbəbləri haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, baş verən qəzaların əsas səbəbi yol hərəkəti iştirakçılarının bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır.
“Burada sürət həddi, ötmə əməliyyatlarnın yanlış yerinə yetirilməsi, manevr qaydalarının pozulması kimi bir sıra xətalar var ki, bunların ucbatından belə ağır qəzalar baş verir. Baş verən yol nəqliyyat hadisələrini sayının azaldılması məqsədilə ölkəmizdə xüsusi dövlət proqramı qəbul edilib. Lakin əfsuslar olsun ki bu dövlət proqramı tam olaraq hələ də yerinə yetirilmir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, bəzi aidiyyatı qurumlar öhdəliklərinə düşən işləri hələ də həyata keçirməyib:
“Bu, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramıdır. 2019-2023-cü illəri əhatə edən proqramlardır. 5 il ərzində bu proqramın məqsədi ondan ibarət idi ki, bu proqramdakı müddəalar həyata keçirilsə, ölkəmizdə baş verən qəzaların sayı 30 faiz azalacaqdı. Əgər həqiqətən baş verən yol nəqliyyat hadisələrinin sayının azalmasını istəyiriksə, mütləq qaydada yenidən həmin praqrama nəzər salmalı, hər bir aidiyyatı qurum öz öhdəsinə düşən işi yenidən görməlidir”.
İsmayıl Bakuvi
www.yenicag.az