İnternetdə yaş senzurası: Selfi-video və biometrik analiz dövrü başlayır? – Əmrah Mövsümzadədən AÇIQLAMA
Türkiyədə 15 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrə çıxışına məhdudiyyət qoyulması məsələsi texnoloji müstəvidə ciddi suallar yaradır. Mütəxəssislər hesab edirlər ki, bu tip tənzimləmələr nəzəri baxımdan sadə görünsə də, praktik tətbiq zamanı həm texniki, həm də davranış xarakterli maneələrlə qarşılaşır.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən İT mütəxəssisi Əmrah Mövsümzadə bildirib ki, hazırda yaş məhdudiyyətinin tətbiqi üçün ən geniş yayılmış üsul qeydiyyat zamanı doğum tarixinin sorğulanmasıdır.

Lakin mütəxəssisin sözlərinə görə, bu metod kifayət qədər etibarsızdır, çünki istifadəçilər yanlış məlumat təqdim etməklə qadağadan asanlıqla yan keçə bilirlər.
Ekspert qeyd edib ki, bu çatışmazlıqları aradan qaldırmaq üçün artıq daha mürəkkəb texnoloji həllər tətbiq olunmağa başlayıb:
“Bura süni intellekt əsaslı üz tanıma və yaş təxmin etmə sistemləri, rəsmi sənədlərlə identifikasiya, həmçinin bank və ya mobil operator məlumatları vasitəsilə yoxlama daxildir. Bəzi platformalar istifadəçilərdən selfi-video tələb edərək biometrik analiz aparır, digərləri isə dövlət bazaları ilə inteqrasiya olunaraq məlumatların dəqiqliyini yoxlayır”.
Buna baxmayaraq, Əmrah Mövsümzadə bu yanaşmaların gətirdiyi riskləri də diqqətə çatdırıb:
“Burada iki əsas kritik məqam var: birincisi, şəxsi məlumatların məxfiliyinin qorunması, ikincisi isə texnologiyanın xəta payıdır. Süni intellekt yaş təxminində, xüsusilə fərqli etnik qrupların vizual xüsusiyyətlərinə görə yanılmalara yol verə bilər”.
Uşaqların valideyn hesablarından istifadə etməsinin nəzarəti çətinləşdirdiyini deyən ekspert, bunun artıq texnoloji deyil, birbaşa ailədaxili nəzarət problemi olduğunu vurğulayıb. O, alternativ müdafiə mexanizmləri kimi aşağıdakıları qeyd edib:
Davamlı autentifikasiya: İstifadəçinin davranış patternlərini analiz edərək hesab sahibinin dəyişib-dəyişmədiyini müəyyən edən sistemlər.
Cihaz səviyyəsində nəzarət: Əməliyyat sistemlərində qurulan ekran vaxtı limitləri və xüsusi uşaq profilləri.
İki mərhələli valideyn təsdiqi: Hesabın mühüm funksiyalarından istifadə zamanı valideynin birbaşa razılığının tələb olunması.
Mütəxəssisin fikrincə, süni intellekt istifadəçinin yaşına uyğun olmayan fəaliyyətlərini aşkar etdikdə əlavə yoxlama tələb edən çevik nəzarətçi rolunu oynaya bilər. Lakin texnoloji həllər təkbaşına çıxış yolu deyil:
“Ən effektiv yanaşma dövlət tənzimləməsi, platformaların məsuliyyəti, valideyn nəzarəti və istifadəçi maarifləndirilməsinin birgə tətbiq olunduğu çoxqatlı modeldir”.
Sonda Əmrah Mövsümzadə qeyd edib ki, 15 yaş məhdudiyyətinin qüsursuz tətbiqi hazırda texniki baxımdan tam mümkün olmasa da, riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür:
“Əsas məqsəd 100 faizlik bloklama deyil, uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasıdır”.
Samir Məcid













