İran ABŞ-ı HƏDƏLƏDİ: “4–5 dollarlıq benzini unudun”
ABŞ ilə İran arasındakı qarşıdurma daha kəskin bir mərhələyə qədəm qoyub. Vaşinqtonun İran limanlarına qarşı dəniz mühasirəsi tətbiq etmək qərarına Tehrandan sərt reaksiya gəlib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf xəbərdarlıq edib ki, bu addım təkcə siyasi gərginlik deyil, həm də ciddi iqtisadi sarsıntılar doğuracaq və bunun fəsadları ən çox benzin qiymətlərində özünü büruzə verəcək.
Qalibaf sosial şəbəkə hesabında etdiyi paylaşımda hazırkı yanacaq qiymətlərinin yaxın gələcəkdə daha da bahalaşacağını vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın planlaşdırdığı dəniz blokadası qlobal enerji bazarını silkələyəcək və mövcud qiymətlər belə əlçatmaz görünəcək. O, hətta istehzalı bir tonda bildirib: “İndi yanacaqdoldurma məntəqələrində gördüyünüz qiymətlərin dadını çıxarın, çünki tezliklə 4–5 dollarlıq benzini unudacaqsınız”.
Bu bəyanat sadə bir ritorika deyil, həm də regiondakı coğrafi üstünlüyə əsaslanan ciddi mesajdır. İran dünyanın ən kritik enerji marşrutu olan Hörmüz boğazına birbaşa nəzarət imkanına malikdir. Dünyada daşınan xam neftin əhəmiyyətli bir hissəsinin məhz bu boğazdan keçdiyini nəzərə alsaq, bölgədəki hər hansı hərbi-siyasi risk neft və yanacaq bazarında dərhal qiymət artımına səbəb olur.
Digər tərəfdən, ABŞ qərarın qüvvəyə minəcəyi barədə qəti mövqeyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prezident Donald Trampın göstərişi ilə İran limanlarının mühasirəyə alınacağını bəyan edib. Rəsmi açıqlamaya görə, bu məhdudiyyət mənşəyindən asılı olmayaraq, İran limanlarına yönələn və ya oradan çıxan bütün gəmilərə şamil ediləcək.
Bununla belə, Vaşinqton bir məqamı xüsusi qeyd edib: Hörmüz boğazından digər ölkələrin limanlarına gedən gəmilərin hərəkət azadlığına toxunulmayacaq. Yəni əsas hədəf İranın dəniz ticarətini tamamilə iflic etməkdir. Lakin ekspertlər xəbərdarlıq edir ki, hətta bu cür məhdud hərbi əməliyyatlar belə regionda risk səviyyəsini pik həddə çatdırır və enerji daşıyıcılarının qiymətində kəskin sıçrayışlara yol aça bilər.
Bu hadisələr regionda yeni iqtisadi və siyasi təzyiq dalğasının başladığından xəbər verir. Enerji bazarı hər zaman siyasi gərginliyə qarşı son dərəcə həssas olub. Məhz bu səbəbdən dünya ictimaiyyəti hazırda təkcə hərbi qərarları deyil, həm də qlobal birjalardakı neft və benzin qiymətlərinin dəyişmə cədvəlini həyəcanla izləyir.
Amir Aqiloğlu













