İran Azərbaycana NOTA göndərib – Şah İsmayılla bağlı
Vaqif Abışov: “Səfəvilərin İran dövləti olduğunu deyənlərə fars dilində yazan İsgəndər Münşiyə, onun kitabına müraciət etmələrini tövsiyyə edirəm”
Bir müddət əvvəl Gəncədə Şah İsmayıl Xətainin şəkli olan şərabların buraxıldığı haqda informasiyaya iranlı Ayətullah Amilinin reaksiyası mübahisələrə yol açıb. Amili bildirib ki, içki şüşələrinin üzərinə Şah İsmayıl Səfəvinin rəsmini yapışdırmaq İranı, xüsusilə Ərdəbili təhqir etməkdir. Onun iddiasına görə, Şah İsmayılı və qurduğu dövləti Azərbaycan öz adına çıxa bilməz.
Məsələ iə bağlı Yenicag.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov fars şovinistlərinin həmişə olduğu kimi, yenə də cəfəng, əsası olmayan iddialarla çıxış etdiyini diqqətə çatdırdı: “Birinci onu deyim ki, Azərbaycanın görkəmli dövlət adamları və şəxsiyyətlərinin şəklinin hər hansı bir içki üzərinə vurulması mədəniyyətsizlikdir. Bunun əleyhinəyəm. Digər tərəfdən, İran birinci dəfə deyil ki, nəinki bizim Şah İsmayılımıza, Nizami Gəncəviyə, Azərbaycan torpaqlarına bu günün özündə də həmişə guya onlara məxsus olması haqqında cəfəng iddialar qaldırır. Hətta belə cəfəng məsələlərlə bağlı Azərbaycana nota da göndəriblər. Çünki, fars rejimi bu günün özündə də Azərbaycana qarşı ərazi iddiasından imtina etməyib. Şah İsmayılın İran şahı olması ilə bağlı iranlıların iddia qaldırmağa əslində heç bir ixtiyarları yoxdur. Səfəvilərin tarixini yazan İsgəndər Münşinin AMEA-nın Tarix institutu tərəfindən min səhifədən çox iki cildlik kitabı buraxılıb. Burada İsgəndər Münşi özü yazırdı ki, Şah İsmayılın ulu babası Şeyx Səfiyəddin İsaq əl-Ərdəbilli Şixəçaran kəndinə dərs almağa gələndə, dərs deyən müəllimi də şagirdinə deyir ki, get gör o türk balası nəyə gəlib? Səfəvilərin İran dövləti olduğunu deyənlərə fars dilində yazan həmin İsgəndər Münşiyə, onun kitabına müraciət etmələrini tövsiyyə edirəm. Bu onu göstərir ki, hələ Şah İsmayılın ulu babası Şeyx Səfyəddinə türk deyirdilər. Deməli, bu şəcərə türk şəcərəsidir. Onların da əsas mülkləri Ərdəbil olub. Tarixçilərimiz dəfələrlə Səfəvi dövrü haqqında yazılar yazaraq düşmənin bu kimi yersiz iddialarını puç ediblər. Mənbələr, tarixi faktlar göstərir ki, Səfəvilər dövləti sırf Azərbaycan torpağında, azərbaycan türkü sülaləsi tərəfindən yaranan bir Azərbaycan dövlətidir”.
Elçin