İran “dost və qardaş” siyasətinə QAYIDIR? – Bakı ilə münasibətlərdə SƏMİMİYYƏT TESTİ
“Azərbaycan və İran arasında iqtisadi, siyasi və mədəni əlaqələr daha da genişlənəcək. Bu da hər iki xalqın rifahı, qardaşlığı və dostluğuna öz töhfəsini verəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Quliyev deyib.
O, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri fonunda iki ölkə münasibətlərinin daha da sıxlaşması perspektivlərindən danışarkən qeyd edib ki, bu, İran və Azərbaycan arasında yeni mərhələnin başlanğıcıdır.
“Həm qarşılama prosesi, həm də Pezeşkianın Prezident İlham Əliyevə “dost və qardaş” deməsi İranın gələcək münasibətlərdə səmimi addımlar atacağına əminlik yaradır. Eyni zamanda, istər mətbuat konfransında, istər biznes forumda əldə olunan razılaşmalar göstərir ki, tarixi, mədəni köklərə bağlı olan iki ölkə arasındakı münasibətlər siyasi və iqtisadi sferada da özünü təsdiqləyəcək”.
“İqtisadi dövriyyəmiz hazırda 647 milyon dollardır. Gələcəkdə bu göstəricinin 1 milyardı keçmək potensialı mövcuddur. Kənd təsərrüfatı və sənaye sahəsindəki əməkdaşlığın perspektivləri ilə yanaşı nəqliyyat-logistika və bərpaolunan enerji sahəsi də gündəmə gəldi. Azərbaycan və İran arasında iqtisadi, siyasi və mədəni əlaqələr daha da genişlənəcək. Bu da hər iki xalqın rifahı, qardaşlığı və dostluğuna öz töhfəsini verəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli