Lənkəran limanı yaxınlığında İran gəmisi batdı - YENİLƏNDİ
Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub. Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər.
Məlumata görə, bu gün saat 14:15-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.
Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.
***
15:02
İran gəmisi Lənkəran limanı yaxınlığında qəzaya uğrayıb.
Dövlət Dəniz Agentliyindən Yenicag.az-a bildirilib ki, bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Qeyd edilib ki, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.
Xilasetmə əməliyyatları həyata keçirilir.