İran-İsrail atəşkəsinin BİLİNMƏYƏNLƏRİ – Türkiyəli analitik ilə MÜSAHİBƏ

media-hightechnic-468x90

Türkiyəli analitik Hüsamettin İnaçın “Yeni Çağ”a müsahibəsi:

media-husameddin-inanc

– İranın ABŞ bazalarına hücumu haqqında nə düşünürsünüz? Bu, real təhdid idimi, yoxsa daha çox simvolik addım kimi dəyərləndirilməlidir?

– ABŞ-nin İraqdakı və Qətərdəki hərbi bazalarına İranın hücumları haqqında bir şeyi vurğulamaq faydalı olar: bu, əslində, razılaşdırılmış bir döyüş idi, yəni qarşılıqlı anlaşmaya əsaslanan bir proses. Çünki artıq müharibənin sonuna yaxınlaşıldığı aydın idi və nəticə etibarilə hər iki tərəf də savaşı bitirməyə məcbur idi. İran nə qədər ki son dövrdə “Fəttah” tipli adlarla adlandırılan böyük və önəmli silahlarını və raketlərini işə salsa da, onların sayı məhdud idi və İranın savaşı uzun müddət davam etdirməyə resursu qalmamışdı. Üstəlik, daxildəki rejim də güclü deyildi, çünki xalq tərəfindən dəstəklənmirdi. 46 ildir davam edən iqtisadi embarqo var. 2022-ci ildə baş verən Məhsa Əmini hadisəsi də cəmiyyətdə ciddi parçalanma yaratmağa başlamışdı. Rejim olduqca basqıcı davranır, insanların gündəlik həyatına mənfi təsir edən qərarlar qəbul edirdi. Həyatı qavrama və yaşama tərzlərini daim təzyiq altında saxlayaraq prosesə nəzarət etməyə çalışırdı. Eyni zamanda bu hücumların nəticəsində rejimin xalqın təhlükəsizliyini təmin edə bilmədiyi, uğursuz olduğu da ortadadır.

– İranın zəngin təbii ehtiyatlarına baxmayaraq, xalqın çətin durumda olması nədən qaynaqlanır?

– Xalqın ən çox tənqid etdiyi məsələlərdən biri isə əslində, dünyanın ən zəngin ölkələrindən biri sayılmalı olan, təbii qaz ehtiyatlarına görə dünyada ikinci olan İranın onillərdir ağlasığmaz, qeyri-rasional siyasət yürütməsidir. İran bölgədə təhlükəsizlik yaratmalı olduğu halda, təhlükəsizlik istehlak edən bir ölkəyə çevrildi. İraqda “Həşdi Şabi”, Livanın cənubunda “Hizbullah”, Suriyada “Bədir” Briqadaları, “Zeynəbiyyun”, “Fatimiyyun” kimi müxtəlif qurumlara, Yəməndə isə “Ənsarullah”a ciddi dəstək verərək böyük məbləğdə vəsait xərclədi. Hətta yadınızdadırsa, Mahmud Əhmədinejad dövründə yeni rəhbərlik formalaşdıqdan sonra “Mən Suriyaya 30 milyard dollar sərmayə qoymuşam” deyərək bu məbləğin geri qaytarılmasını istəmişdi.

– İranın hazırkı zəif durumu necə izah olunur və İsrail bu zəifliyi necə dəyərləndirdi?

– Əslində, 11 günlük müharibənin əsas səbəbi İsrailin İranı tarixinin ən zəif anında yaxalaması idi. 8 dekabr hərəkatı ilə birlikdə İranın Suriyadakı varlığı tamamilə sıradan çıxarıldı, İraqda da Tehranın təsiri zəiflədilmişdi. İran Cənub Livanda da “Hizbullah” üzərindən ciddi məğlubiyyət aldı. İsrail ilk dəfə qeyri-rəsmi silahlı qruplarla deyil, bir dövlətlə üz-üzə gəldi və sarsıldı. “Mister Security” – təhlükəsizlik simvolu sayılan Benyamin Netanyahunun da ölkəsini qoruya bilmədiyi ortaya çıxdı. “Dəmir Qübbə”nin zəiflədiyi, İsrail kəşfiyyatının isə şişirdildiyi qədər güclü olmadığı, İsrail xalqının sığınacaqlara doluşduğu və ya ölkəni tərk etdiyi dramatik səhnələr meydana çıxdı. Bu müharibə zamanı aydın oldu ki, İsrailin ABŞ-nin sursat, logistika və kəşfiyyat dəstəyi olmadan heç bir müharibəni davam etdirmək gücü yoxdur. İsrail artıq onu əvvəllər dəstəkləyən dövlətlər daxil olmaqla, bütün dünyada arzuolunmaz, təcrid edilmiş bir dövlətə çevrilib. Avropa ölkələrinin bir çoxuna İsrail vətəndaşlarının turist kimi daxil olması belə çətinləşib.

–  Bəzi iddialara görə ABŞ İranda quru əməliyyatı keçirmək istəyirdi, amma Vaşinqton buna nail ola bilmədi…

– ABŞ quru əməliyyatı apara bilməzdi, çünki İran üç dəfə böyük, geniş bir coğrafiyaya malik, hər nə qədər daxildə bölünmüş olsa da, güclü orduya sahib, 3000 illik qədim bir dövlətdir. ABŞ oraya quru əməliyyatı etsəydi, böyük itkilərlə qarşılaşacaqdı. Lakin hava əməliyyatlarının əsas məqsədi İranı işğal etmək deyil, mövcud molla rejimini dəyişmək və ya transformasiya etmək idi. Amma indi daxildə müxaliflərin səyləri ilə dəyişə biləcək bir rejim, bəlkə də on illərlə ömrünü uzatdı. Belə bir zamanda xarici müdaxilə xalqla dövlət rəhbərliyi arasında təbii olaraq birləşməyə səbəb oldu. Dediyimiz proksi qüvvələrə və bənzəri təşkilatlara dəstəyi dayandırmaqla İran uğur qazana bilər. Tehran bu yüklərdən qurtulmalıdır. Nüvə proqramından tamamilə imtina etməlidir.

– İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatı beynəlxalq təhlükə doğururmu?

– Hazırda İranın 408 kiloqram zənginləşdirilmiş uranı var. Bu ehtiyatın Türkiyənin də daxil olduğu beynəlxalq konsorsiuma təhvil verilməsi danışıqlar prosesində müzakirə olunacaq. İran bu nüvə bəlasından da qurtulmalıdır. İndiyə qədər İran Azərbaycan və Türkiyə kimi ölkələrə düşmənçiliklə yanaşdı, bu ölkələri parçalamaq istədi. Əfqanıstan və İraq işğalının ən böyük asanlaşdırıcı faktoru Mahmud Əhmədinejadın dediyinə görə məhz İran idi. 2020-ci il Qarabağ müharibəsində və Azərbaycanın zəfərində İran yanlış tərəfi tutdu. “Ermənistanın ərazi bütövlüyü mənim qırmızı xəttimdir” dedi və Ermənistana birbaşa logistika və kəşfiyyat dəstəyi verdi. Zəngəzur dəhlizini “milli təhlükə” sayaraq qarşısını almağa çalışdı.

– Son olaraq, İsrail bölgədə özünü necə aparmalıdır ki, daha çox təcrid olunmasın?

– İsrail öz geosiyasi gücünü aşaraq bölgədə qırğınlar törətməkdə və təcavüzkarlığını davam etdirməkdədir. Bu davranışlarını cilovlamağı və dayandırmağı öyrənməlidir. ABŞ Orta Şərqdə yüz illərlə davam edən münaqişələrin bir tərəfinə çevrildiyi halda, Asiya-Sakit okean bölgəsində Çinlə qarşıdurma fürsətini itirə bilər. Tramp bu dərsi aldı və atəşkəsin təmin olunması üçün liderlik etdi. Odur ki, keçmişdən alınan dərslər bu gün İranda həll yolunu ortaya çıxarmış kimi görünür. İran-İsrail müharibəsində bu atəşkəsin qalıcı sülhə çevriləcəyini və bölgənin sabitliyə qovuşacağını ümid edirik. Bölgə ölkələri bundan sonra ABŞ başda olmaqla xarici güclərin müdaxiləsinə yol verməmək üçün öz aralarında ittifaqlar qurmalıdır.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600