İran-İsrail gərginliyi YÜKSƏLİR: “Nüvə silahı istəyi İsraili hərəkətə gətirəcək”
“İran nüvə silahını əldə etməkdə israr etsə, İsrail yenidən hücum edəcək”
Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvinin İsraili təhdid edən açıqlamalarını şərh edib, iki ölkə arasında müharibənin davamlı ola biləcəyi şərtləri açıqlayıb.
12 günlük müharibəyə toxunan E. Həsənov bildirib:
“İran-İsrail arasındakı 12 günlük müharibə dayandı və bu müddətdə İrana böyük ziyan dəydi. ABŞ isə İranın üç əsas nüvə obyektini vurdu. Bundan əlavə, İranın 40-a yaxın nüvə alimi və yüksək rütbəli şəxslər öldürüldü. İran ABŞ və İsrailə qarşı mübarizə aparmağa çalışsa da, nəticə əldə edə bilmir. İsrail əvvəlcə İranın təsirli qüvvələrini – Həmas, Hizbullahı məğlub etdi, Suriyadakı qüvvələri sıradan çıxardı, daha sonra isə İranın nüvə obyektlərini hədəfə aldı.”
Yeni təyin edilmiş İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvinin açıqlamalarına gəlincə, politoloq deyib:
“Musəvi ABŞ və İsraillə mübarizə aparacaqlarını deyir, çünki başqa yol yoxdur. Lakin İran hakimiyyəti öz siyasətində dəyişiklik etməli, xalqın rifahını nəzərə alaraq müharibələrin qarşısını almalıdır. Müharibələr ölkəyə milyardlarla zərər vurur və əhalinin yoxsullaşmasına səbəb olur.”
Son müharibədən sonra İranda sosial vəziyyətin pisləşdiyini vurğulayan E. Həsənov əlavə edib:
“Hazırda İran iqtisadiyyatı ağır vəziyyətdədir, ərzaq məhsulları bahalaşıb, sosial yardımlar azaldılıb. Bu, əhalinin həyat şəraitini daha da çətinləşdirir. Hər halda ölkə müdafiəsini gücləndirməyə davam etməlidir.”
Politoloq İranın İsrailə qarşı ritorikasının müharibənin davam etmə riskini artırdığını qeyd edib:
“İran İsraili sionist ölkə sayır və onu yer üzündən silmək istədiyini bildirir. Bu isə İsraildə qıcıq yaradır və qarşı hücumlara səbəb olur. İran nüvə silahını əldə etmək fikrindən imtina etməli, iqtisadiyyatını gücləndirməlidir ki, xalq rifah içində yaşasın. Əks halda, yeni müharibə qaçılmazdır. İranın nüvə silahı əldə etmək istəyi təkrarlanarsa, İsrail yenidən hücum edəcək.”
E. Həsənov fikrini belə yekunlaşdırıb:
“İsrail və İran arasındakı mübarizə və müharibələr uzun müddət davam edəcək.”
Nurlan Cəfəri