İran-İsrail qarşıdurmasında yeni mərhələ: “Bu müharibə rejim devrilənə qədər davam edəcək”
“Bu müharibə İran rejimi devrilənə qədər davam edəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.
Politoloq İranın İsrailə endirdiyi ballistik raket zərbələrini və bunun doğurduğu nəticələri şərh edib:
“ABŞ-nin müəyyən zərbələr endirməsi və İranın qarşılıq verməsi qarşılıqlı təzyiq mexanizmləridir. İranın proksi qüvvələr üzərində məsuliyyəti var. Bu baxımdan Amerika ilə anlaşma “Hizbullah”-ı təhlükəyə atmamalıdır, çünki onların məsuliyyətini birbaşa İran rejimi daşıyır. Nəzərə almaq lazımdır ki, hazırda İranda hərbi diktatura mövcuddur və bu diktaturanın başında SEPAH dayanır. İranın endirdiyi zərbələr də məhz Livan qarşısındakı bu “öhdəliyin” nəticəsidir”.
Politoloq İsrailin İrana qarşı əks zərbələr endirəcəyinə dair bəyanatlarına da toxunub:
“İsrail müharibəni davam etdirmək və rəqibinin bütün hərbi infrastrukturunu məhv etmək istəyir, lakin bu, ABŞ olmadan mümkün deyil. İsrail anlayır ki, İran hələ də ciddi təhlükə mənbəyidir. Düşünürəm ki, İsrailin əməliyyatları davamlı olmayacaq, daha çox qısamüddətli əks zərbələrlə məhdudlaşacaq. Nəzərə alaq ki, ABŞ Konqresində Donald Trampa müharibənin genişləndirilməsinə dair qadağalar müzakirə olunur və bu qərar Senatda təsdiqlənməlidir”.
N. Miri yaxınlaşan siyasi və idman hadisələrinin də prosesə təsir edəcəyini vurğulayıb:
“ABŞ-də futbol üzrə Dünya Çempionatının keçiriləcəyi və noyabr ayında Konqresə ara seçkilərin təyin olunması fonunda Amerikanın başını qatmağa və müəyyən sövdələşmələrə ehtiyacı var. Müharibə bitdimi? Xeyr. Müharibə davam edəcək və bundan sonra İranı daha ciddi zərbələr gözləyir. Hesab edirəm ki, bu proses İran rejimi devrilənə qədər davam edəcək”.
Nurlan Cəfəri













