“Ötən günlərdə “noyabrın 6-na qədər İsrail İranı vuracaq” deyə bir xəbər yayılmışdı. Eləcə də İsrailin İrana yeni zərbələr endirəcəyinə dair də informasiyalar yer almışdı”.
Bu sözləri Yenicag.az-la söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.
O, bundan bir neçə gün öncə İranın noyabrın 5-nə qədər İsraili vuracağı barəsində yayılan informasiyaları şərh edib.
Analitikin fikrincə, adətən, bu məsələdə razılaşmalar olur və belə hücumlar böyük kampaniyalar dövründə baş vermir:
“Həmçinin İran da ayın 6-na qədər hava məkanındakı uçuşlarını dayandırıb. Odur ki, İranın bəlli bir saatda və gündə hücumu reallaşdırması məntiqi deyil. Çünki bu hücum İran hərbi rəsmilərinin verdiyi açıqlamaya görə gözlənilmədən və daha güclü olacaq. Əgər gözlənilməzdirsə, deməli, ayın 5-i baş verməyəcək. Ona görə ki həmin tarixdə ABŞ-də prezident seçkiləri keçirildiyi üçün ölkənin bütün hərbi qüvvələri bir nömrəli hazırlıq vəziyyətindədir”.
“Yəni böyük siyasi kampaniyalar zamanı ölkənin hərbi qüvvələri bir nömrəli hazırlıq vəziyyətində olur. Bu baxımdan, İranın ayın 5-də İsrailə, yaxud ABŞ-nin Suriya, İraq və başqa ərazilərdəki bazalarına hücum etməsi o qədər də məntiqi deyil. Çünki ABŞ buna hazırdır və hücumları qarşılayıb İranı yerində oturda bilər”, – deyə politoloq əlavə edib.
Siyasi təhlilçi hesab edir ki, proseslər sonrakı mərhələdə baş verə bilər:
“Çünki Ayətullah Seyid Əli Xamenei fərqli şəkildə İsrailə cavab veriləcəyini bildirib. Bu, proses necə olacaqsa, bunu hələlik heç kim bilmir. Bunu sadəcə Xamenei bilir. Amma bütün hallarda, ehtimal etmirəm ki, noyabrın 5-də İran İsraili vuracaq, yaxud ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirəcək. Çünki bunlar İran tərəfinin verdiyi açıqlamalara görə məntiqi cəhətdən alınmaz. Əgər vuracaqsansa, niyə xəbər edəsən?!”
Rafi Müslümov
www.yenicag.az