“İrana hərbi müdaxilə olacaqsa, İsraillə hərbi əməkdaşlıq çərçivəsində Azərbaycandan da…” – Polkovnik-leytenant

“Dronlarla zərbə onu göstərdi ki, ABŞ İrana hərbi müdaxilədə maraqlıdır, hətta qərarlıdır”.

Bunu İsrailin İranı vurması, Ukrayna-Rusiya müharibəsi fonunda yeni müharibə ocağının yaranma ehtimalı və Azərbaycanın oynayacağı rolu dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, ABŞ-nin İrana hərbi müdaxilədən əvvəl istifadə etdiyi metodların heç biri nəticə vermədi:

“İranın məsələsi bu günün deyil. Xüsusilə ABŞ-nin nüvə silahının yaranması üzərinə İrandan tələbləri var idi. İran da bu anlaşmadan çıxdı. ABŞ belə qərara gəldi ki, ikinci yol hərbi müdaxilədir. Hərbi müdaxilə yoluna gəlib çıxmadan öncə sanksiyalar tətbiq edildi. ABŞ bunu etməklə xalqın teokratik rejim üzərinə narazılığını qabartmaq istəyirdi. ABŞ İranda ya rejimin devrilməsi, ya da yeni hökumətin yaradılmasını istəyirdi. ABŞ-nin İranda proqnozlaşdırıla biləcək hökumətin yaradılması üzərinə çabaları oldu. Bunlar heç bir effekt vermədi. İndiki mərhələdə İran, Rusiya və Şimali Koreya Pentaqonun hədəfindədirlər.

Bu ölkələri dəyişmək üzərindən bir proses gedir. İran Rusiyanı dəstəkləyir, dronlarını Rusiyaya verir. Ukraynanın hava hücumundan müdafiə sistemləri həmin dronları zərərsizləşdirməkdə çətinlik çəkir. Bu da əməliyyatlar teatrında diskomfort yaradır. NATO dolayısı ilə İrana deyir ki, Rusiyanı dəstəkləyirsənsə, bizim də hədəfimizdəsən.

Regionda ABŞ-nin öncülüyündə İsraillə əməkdaşlıq çərçivəsində İrana hərbi müdaxilənin zamanının yetişdiyini düşünürlər. İranda xalq ayaqlanıb, ölkə idarəedilməz haldadır, xalq İsrailin dronlarla zərbəsini dəstəklədi. ABŞ ilə İsrail prosesin öncüləridir. Azərbaycanın da İsraillə hərbi əməkdaşlığı var. İran təkcə bu proseslər üzərindən Azərbaycanı hədəfə almayıb. İran hər zaman Azərbaycanı hədəfi sayıb. İran Azərbaycanı düşmən ölkə kimi görürdü. Zəngəzur dəhlizi layihəsi ortaya atılana qədər Azərbaycana dost kimi görünürdülər. Düşmənçilik aşkara çıxdı. Düşünürlər ki, əgər İrana hərbi müdaxilə olacaqsa, İsraillə hərbi əməkdaşlıq çərçivəsində Azərbaycandan da təhlükə yarana bilər.

İranın mətbuat orqanları bu işlərin Azərbaycanla bağlantısı üzərindən işləyir. Bizim üçün İrana hərbi müdaxilə arzuolunmazdır. Təzə müharibədən çıxmış ölkəyik. İrana qarşı Azərbaycanın heç vaxt hansısa iddiaları olmayıb. Zəngəzur dəhlizi üzərindən İran, demək olar ki, bütün ölkələri hədəfinə çevirdi, beləcə özü də hədəf oldu. ABŞ də görür ki, maraqlı güclərin hamısının hədəfində İran var. Bu o deməkdir ki, hərbi müdaxilə olacağı təqdirdə İrana heç kim dəstək verməyəcək”.

Səxavət Məmməd