“İrana qarşı müharibə regionu iflic edə bilər”.
Bu sözləri İran-İsrail toqquşması ehtimalını nəzərə aldıqda regionun vəziyyətini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Rövşən Məhərrəmovun sözlərinə görə, İran-İsrail toqquşması regionu iflic edə bilər.
“Yaxın Şərq, Ukrayna, Cənubi Qafqaz qaynar nöqtədir. Cənubi Qafqazda sakitliyin olması görünür, ancaq bu, belə deyil. Bu qaynar nöqtə hər an yenilənə bilər. ABŞ Ermənistanla birgə hərbi təlmilər keçirir, Fransa Ermənistanı silahlandırır. Hindistandan silahların alınması, Cənubi Koreyadan tankların alınması istiqamətində danışıqların baş verməsi gərginliyi artırır”, – deyə o əlavə edib.
Silahlanmanın yarada biləcəyi təhlükələrdən danışan ekspert qeyd edib ki, bu silahlanma tək Azərbaycana yox, Rusiyanın Ermənistan ərazisində olan hərbi bazasına və sərhədçilərinə təhlükə yaradır.
“Rusiya Cənubi Qafqazdan çıxmaq istəmir. Rusiya ilə Ermənistan razılaşıb ki, sərhəd-keçid məntəqələrinə erməni hərbçiləri nəzarət edəcək, ancaq buna baxmayaraq, Rusiyanın həmin qüvvəsi yerində qalır, azalma yoxdur”, – deyə o vurğulayıb.
R.Məhərrəmov qeyd edib ki, İranın Fransa ilə gözə görünməyən əlaqəsi var.
“Fransa İrana qarşı atıla biləcək addımların içərisində olmayacaq. İran böyük bir dövlətdir. İranı İsrail və ABŞ vursa, Azərbaycan üçün böyük problemlər yarana bilər. Təkcə Azərbaycan üçün yox, region ölkələri bunun zərərini görəcək, İrandan qaçqınlar Azərbaycana, Ermənistana, Türkiyəyə keçəcək.
Suriya və Əfqanıstandan olan qaçqınların Türkiyə üçün necə problemlər yaratdığını görürük. Azərbaycan o qədər də varlı dövlət deyil ki, qaçqınları saxlaya bilsin. Ermənistan da həmçinin. Bu o deməkdir ki, region dövlətləri çox ağır vəziyyətə düşə bilər. İrana qarşı müharibə regiona yaxşı heç nə vəd etmir”.
Səxavət Məmməd
www.yenicag.az