İrana qarşı yeni proksi müharibəsi: ABŞ və İsrailin növbəti hədəfi nədir?
“İsrail proksi qüvvələri İrana qarşı qaldırmağa çalışır.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Politoloq qeyd edib ki, ABŞ və İsrail əsasən kürd mənşəli müxalifləri silahlandıraraq İranda etiraz dalğası yaratmaq və bundan istifadə edib İranda hökümət dəyişməyə çalışırlar:
“ABŞ və İsrail İrana qarşı apardığı müharibələrdə digər qüvvələrdən də İrana qarşı istifadə etməyə çalışırdı. Xüsusilə İran daxilindəki narazı kütlələrə silah ötürmək üçün İran ərazisindən istifadə etmək istədiklərini açıq bəyan etdilər. Həmin silahlar isə SEPAH tərəfindən ələ keçirildi və müxalif qüvvələrə çatdırılmasının qarşısı alındı. Eyni zamanda İsrail İraqda olan kürtləri silahlandıraraq İrana qarşı istifadə etməyə cəhd etdi. Onlar kürdlərə söz vermişdi ki, hakimiyyəti devirib İran ərazisini bir neçə ölkəyə böləcəklərini və Kürdüstan dövlətinin də nəzərdə tutulduğu sözünü verdilər. İraqın Ərbil şəhərində yerləşən kürd qüvvələrinin ayaqlanması üçün həm ABŞ, həm də İsrail müharibə boyu böyük səylər göstərdi. Həmin qüvvələr də sərhədi keçə bilməmiş SEPAH tərəfindən ələ keçirildi və çox sayda üzvü öldürüldü, qalanları isə qaçdı. İran kəşfiyyat məlumatları ilə onların İsrail və ABŞ tərəfindən göndərildiyini öyrənmişdi. Bütün bunlar ifşa olduqdan sonra Tramp bu məsələdə geri çəkilməyə məcbur oldu. Plan baş tutmadı, İranı çökdürməyə nail ola bilmədilər. İran bu müharibədə çox böyük itki versə də məğlub olmadı. Avropa ölkələri İrandan müharibə zamanı çox sayda şəxsin qaçqın düşəcəyini gözləsələr də bunun əksinə oldu, xaricdə yaşayan iranlılar döyüşmək üçün ölkələrinə qayıtdılar.”
E. Həsənov hesab edir ki, ABŞ və İsrail İrana qarşı yenidən eyni taktikadan istifadə edəcək:
“Nə qədər ki, İranda molla-fars rejimi hakimiyyətdədir, ABŞ və İsraillə ulduzları barışmayacaq və daima onlar bir-biri ilə konfliktdə olacaqlar.”
Nurlan Cəfəri












