“Ərdəbilə hərbi texnikanın və hərbçilərin yerləşdirilməsi yaxın zamanda İranda fövqəladə hərbi rejimin elan olunmasına işarədir”.
Bunu İranda gündən-günə alovlanan etiraz aksiyaları nəticəsində hakimiyyətin ordudan istifadə etməsinə münasibət bildirən Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan Yenciag.az-a açıqlamasında deyib.
O, bildirib ki, etiraz aksiyalarını iğtişaş adlandırmaq olmaz:
“Etiraz aksiyaları zamanı Tehran hakimiyyətinin hərbi polis qüvvələri tərəfindən 400-ə yaxın dinc aksiyaçı öldürülüb. Bu aksiyaların uzun müddət davam edəcəyinin göstəricisidir. Ona görə də İran Qərbi Azərbaycan əyalətinin bir sıra şəhərlərinə İnqilab Keşikçiləri Qvardiyasının hərbçilərini yerləşdirib.
Hərbi texnikanın və hərbçilərin yerləşdirilməsi yaxın zamanda İranda fövqəladə hərbi rejimin elan olunmasına işarədir. Çünki hakimiyyət etirazları küçələrdən dəyənək və silah gücü ilə yatıra bilmir. Hərbçilərin yerləşdirilməsi İranda baş verən proseslərin gələcəkdə daha ağır olacağını düşünməyə zəmin yaradır. Ağır olacağı dedikdə isə İranda vətəndaş qarşıdurması, cəmiyyətin hakimiyyətə qarşı çıxışları nəzərdə tutulur”.
Nəsimi Ələsgərli
www.yenicag.az