İrandan sonra növbə kimdədir? — Politoloq hədəf ölkəni açıqladı
“Yaxın Şərqdən sonra növbəti hədəf Asiya ölkələridir”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri irəli sürüb.
Ekspert Amerikanın İrandan sonra dayanmayacağını, əsas rəqibi Çini sıradan çıxarmaq üçün onun ətrafındakı ölkələri hədəf seçəcəyini diqqətə çatdırıb:
“Donald Tramp ikinci dönəm hakimiyyətə gəldiyi vaxtdan bəri NATO üzvü olan Avropa ölkələrini təhdid edir; o, qoşunlarını tədricən Avropadan çıxarıb Sakit Okean və Asiya hövzəsinə yönəldəcəyini bəyan edir. Bu, kifayət qədər açıq bir siyasətdir. Hazırda Amerikanın qarşısında duran, həm iqtisadi potensialı, həm də perspektiv inkişafı ilə onu üstələyən yeganə real güc mərkəzi Çindir.
Venesuela və İrana qarşı təhdidlərin, eləcə də mümkün müdaxilələrin əsas hədəfi dünyadakı enerji mərkəzlərini ABŞ-ın tam nəzarətinə keçirməkdir. Bu məsələdə İsrailin də maraqları var xüsusilə onu məhv etmək istəyən İranın nüvə silahına malik olmaması İsrail üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan zənginləşdirilmiş uranın İrandan çıxarılması və nüvə proqramının uzun müddət dondurulması prioritetdir. Lakin Amerikanın uzaq hədəfi yalnız bundan ibarət deyil.”
N. Miri qeyd edib ki, ABŞ tarixən ədalət və azadlıq deyil, daha çox neft və iqtisadi maraqlar uğrunda müharibələr aparıb:
“Vaşinqtonun əsas məqsədi İsraillə birlikdə sarsıdıcı zərbələrlə İran rejimini iflasa uğratmaq və bütün enerji mənbələrini nəzarət altına almaqdır. Venesuelada bu proses nisbətən asan başa gəldiyi üçün Netanyahuya inanan Tramp eyni ssenarinin İranda da asanlıqla reallaşacağını düşünürdü, lakin bu plan hələ ki alınmayıb.
Buna baxmayaraq, məsələ qapanmayıb. Birinci masa devrilsə də, yeni bir danışıqlar masasının qurulması mümkündür. Lakin bu dəfə söhbət yalnız nüvə məsələsindən getmir; ABŞ daha böyük bir sövdələşmə planı hazırlayır. Söhbət ABŞ–İran iqtisadi münasibətlərinin qurulması, İranın qlobal iqtisadiyyata inteqrasiyası və Amerikanın bu ölkənin enerji sektoruna milyardlarla dollar investisiya yatırmasından gedir. Diqqət yetirsəniz, hərbi yolla əldə edilə bilməyənlərin iqtisadi ‘cəlbedici’ təkliflərlə əvəzlənməyə çalışıldığını görərsiniz. Burada İran sadəcə bir alətdir; əsas məqsəd investisiyalar vasitəsilə İranın enerji daşıyıcıları üzərində birbaşa nəzarət imkanı qazanmaqdır.”
Politoloq hesab edir ki, İranın ram edilməsi Çinə qarşı genişmiqyaslı strateji gedişin bir parçasıdır:
“Əgər İranla müəyyən bir razılaşma əldə olunarsa, Amerikanın növbəti strateji hədəfi birbaşa Sakit Okean və Asiya hövzəsi olacaq. Çini hər tərəfdən iqtisadi mühasirəyə almaq ABŞ üçün vacibdir. Digər tərəfdən, Amerikanın geosiyasi və geoiqtisadi maraqları çərçivəsində hərəkət edən bəzi ərəb ölkələri də bu prosesin tərkib hissəsidir. Beləliklə, İranın neytrallaşdırılması Amerikanın Çinə təsir imkanlarını maksimum dərəcədə artıracaq.”
Nurlan Cəfəri













