“İranın Azərbaycana qarşı tövrləri fonunda belə bir hadisənin baş verməsi…” – RƏY

“Səfirliyimizə hücum zamanı həlak olan əməkdaşa şəhid statusunun verilməsi doğru addımdır”.

Bu fikirləri Tehrandakı səfirliyimizə hücumun mümkün məqsədlərini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu xain hücumu təşkil edənlər ən sərt şəkildə cəzalandırılmalıdırlar:

“Öncə hücumu dəf edərkən qəhrəmanlıqla həlak olan şəhidimizə Allahdan rəhmət, yaralılarımıza isə tezliklə sağalmalarını diləyirəm.

Əlbəttə, hər hansı bir dövlətdə diplomatik nümayəndəliyə qanlı nəticələrlə yekunlaşan hücumun təşkili fövqəladə olaydır və son dərəcə diqqətlə araşdırılmalıdır.

Kimin təşkil etməsindən və arxasındakı məqsəddən asılı olmayaraq, bu qanlı hücumu pisləyir, olaya aidiyyatı olanların ən sərt şəkildə cəzalandırılmasını gözləyirik.

İranın son dövrlərdə Azərbaycana münasibətdə aqressiv tövrləri bu olaya başqa çalar verir. Ona görə də əksəriyyət səfirliyimizə hücumun arxasında məhz İran hakimiyyətinin dayandığını ehtimal edir. Əgər belə deyilsə, İran gerçək günahkarları tezliklə ortaya çıxarmalıdir.

Ancaq Tehranın bu hadisəni “şəxsi zəmin”lə pərdələməyə çalışması, bu yöndə İran rəsmilərinin verdikləri açıqlamalar olayın üstünün tezliklə açılacağına şübhə yaradır. Ancaq bütün hallarda buna görə cavab verilməlidir.

Səfirliyimizə hücum zamanı həlak olan soydaşımıza şəhid statusunun verilməsi çox doğru qərardır. Səfirlik dövlət ərazisi sayıldığı üçün oraya edilən hücum ölkəmizin ərazi bütövlüyünə qəsd cəhdidir. Ona görə də bu hücumu dəf edərkən həlak olan şəxs doğrudan da şəhiddir”.

A.Zeynalov