Zəlimxan Məmmədli: “Fars rejimi türkə düşməndir və Azərbaycanın Türkiyənin yanında yer alması xüsusilə İranla Rusiyanı qıcıqlandırıb”
Xəbər verildiyi kimi, Təbrizdə Azərbaycan konsulluğunun qarşısında İranın molla rejimi əlaltıları aksiya təşkil ediblər. Etirazçılar Azərbaycan hökumətinin Nardaranda Konstitusiya və qanunçuluğun bərpası istiqamətində həyata keçirdiyi tədbirlərə, “Azərbaycanda İslam şəriətinin icra olunmamasına” etiraz ediblər. Onlar Azərbaycanda dünyəvi qanunların ləğvini istəyiblər.
Görəsən, İranda Azərbaycan əleyhinə molla rejimi tərəfdarlarının yenidən fəallaşması nədən xəbər verir?
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Yenicag.az-a açıqlamasında bildirdi ki, Təbrizdə molla rejimi tərəfdarlarının keçirdiyi bu aksiya İranın ölkəmizin daxili işlərinə qarışması deməkdir: “İranın molla rejimi dini siyasi alver predmetinə çevirib. İran kəşfiyyyat və əks-kəşfiyyatının əsas silahı siyasi şiəlikdir. Burada da təbii ki, islam adı istismar olunur. Amma mahiyyət etibarı ilə bu cərəyanın yaranma fəlsəfəsinə baxanda məhz İslam dünyasının parçalanması və onun içində fars kimliyinin varlığını təsdiq etmək durur. Dərindən fikir versək görərik ki, əsas hədəf də məhz İslam dünyasıdır. Ərəblərlə və türk dünyası ilə məzhəb ayrılığı düşüncəsinə qapılaraq fars rejimi yola getməmək kursunu tutub. Hesab edək ki, Azərbaycan daxilində hər hansı bir radikal yanaşma və dövlət hakimiyyət orqanlarının ona müdaxiləsi var, bütün hallarda bu insanlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Belədə, kənar bir dövlət xüsusi bir iddia ilə onların “maraqlarına” uyğun müdafiəsinə qalxa bilməz.
Çünki bu daxili işlərə müdaxilə etmək presidentidir. Hazırkı zamanda görürük ki, İran heç nəyə baxmadan həm Türkiyəyə, həm də Azərbaycana açıq müdaxilə jestləri verir. Təsəvvür edin ki, bu anda da onun müttəfiqi provaslav xristianları olan Rusiyadır. Bu gün İslam təəssübkeşliyi yox, mahiyyət etibarı ilə farsın mahiyyəti, iç üzü, molla rejiminin fəlsəfəsi üzə çıxır. Onlar türkə düşməndirlər və Azərbaycanın Türkiyənin yanında yer alması, qonşularımızı, xüsusilə İranla Rusiyanı qıcıqlandırmaqdadır. Belədə farsların həyasızlıq tempi artır. Təbrizdə Azərbaycan konsulluğunun hədəf götürülməsi də bu mənada təsadüfi deyil. Bu yolla Azərbaycana barmaq silkələyirlər. Azərbaycan ayıq olmalı və Türkiyənin olduğu məkandan hər hansı bir formada ayrılmamalıdır. Azərbaycanda şərəflə, namusla, qətiyyətlə Türkiyənin yanında olmaq cəsarətinə sahiblənib. Bunu da dəyərləndirmək lazımdır. Hadisələrin sonrakı mərhələsində ola bilsin ki, İran hətta Azərbaycan vətəndaşları ilə bağlı öz boylarına ölçülən daha axmaq qərarlar qəbul etsin. Azərbaycan siyasəti də bunun fərqində olmalıdır. Nəhayət düşmənlərimizin üzərimizə gəldiyinin fərqində olmalı, Azərbaycan cəmiyyətinin bütövləşməsi istiqamətində bir araya gəlmək üzərində düşünməliyik. Fars şovinistlərinə bayraqlarımızın endirilməsi məqsədinə çatmasına imkan vermək olmaz. Bu İrana da xəbərdarlığımız olar kİ, Azərbaycanın daxili işlərinə qarışmasın. Onların burada yetişdirdikləri şəbəkələrə imkan verməyəcəyik. İran rejimi 35 milyonluq Azərbaycan türkünün təməl haqlarını pozduqca, türk dünyasına qarşı düşmənçilik etdikcə, Güney Azərbaycan insanı da istiqlal uğrunda mübarizəyə hazır olmalıdır. Azərbaycan və Türkiyə üçün qorxu rejimi olan fars molla rejimi çökməli, İran mötədilləşməli və liberallaşmalıdır”.
ELÇİN
www.yenicag.az