İranın quraqlıqla mübarizəsində SÜNİ YAĞIŞ: Region ölkələrinin ekologiyasına ziyanı var?
“Əgər düşünülürsə ki, bizim ərazimizdə olan buludları daşıyıb aparırlar, bu, yanlışdır”.
Bunu bir müddətdir, quraqlıq yaşayan İranın PUA-larla bulud toxumu vasitəsilə süni yağış yağdırmasının ətraf ölkələr üçün mümkün mənfi təsirlərindən danışan ekoloq Qorxmaz İbrahimli Yenicag.az-a açıqlamasında deyib.
Ekoloq bildirib ki, buludlar atmosferdə yaranan təbiət hadisəsidir, onları bir yerə toplayıb süni yağış yağdırmaq hər dövlətin öz işi və suveren haqqıdır:
“Sadəcə olaraq süni yağış zamanı bəzən sel yaranır. Həmçinin planlaşdırılmadığı şəkildə yağarsa, ətrafa zərər verə bilər. Amma bu yalnız həmin ərazi daxilində olur. Kənara ciddi təsir etmir.
Buludları bir yerə toplamaq və süni yağış yaratmaq əvvəllər də var idi. Keçmişdə bu proses raketlərlə həyata keçirilirdisə, indi daha asan üsullarla, PUA-larla aparılır.
Hər halda, bunu quraqlıq yaşayan ölkə edir. Yəni ətraf ölkələrə ziyansızdır. Əgər düşünülürsə ki, bizim ərazimizdə olan buludları daşıyıb aparırlar, yanlışdır. Atmosferdə hava sirkulyasiyası daim davam edir. Buludlar küləklərin təsiri və ya müxtəlif təbiət hadisələri nəticəsində bir yerdən başqa yerə gedə bilər. Həmçinin süni şəkildə də yönləndirilə bilər.
Bir sözlə, əsas odur, digər ölkələrə siyasi ziyan verməsinlər, öz işləri ilə məşğul olsunlar”.
Nəsimi Ələsgərli












