“İsrailin İranın nüvə obyektlərinə zərbə vurmamaqla bağlı əsas məsələlər Co Bayden və Benyamin Netanyahu arasındakı müzakirədə öz həllini tapıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, İsrailin İranın nüvə obyektlərinə zərbə vurmaqdan çəkinməsinin pərdəarxası məqamlarına toxunub.
İ.Hüseynovun dediyinə görə, əslində, İran tərəfi də İsrailin nüvə obyektlərinə zərbələr endirməsini nəzərdən keçirirdi, bunun üçün xüsusi hazırlıqlar görürdü, hava hücumundan müdafiə sistemlərini daha da möhkəm şəkildə formalaşdırırdı:
“Eyni zamanda, İsrail də çox istəyirdi ki, müəyyən bəhanə və hansısa təxribatla İran ərazisindəki nüvə obyektlərini məhv etsin. Çünki İsrail tərəfi üçün bu, xüsusi təhdid formalaşdırırdı. Getdikcə uranın zənginləşdirilməsi ilə bağlı məlumatların yayılması da İsraildə çox böyük təlaşla qarşılanırdı”.
Politoloqun qənaətinə görə, hazırda regionda maraqlı bir mənzərə formalaşır ki, əgər müəyyən eskalasiya olacaqsa, İsrail tərəfinin yalnız hərbi obyektləri hədəf alması mümkün olacaq:
“Bunun özü də İsrailə müəyyən üstünlüklər verəcək. Lakin qəribəsi budur ki, belə olan təqdirdə, İsrail hərbi məqsədlərinə çata biləcəkmi? Digər tərəfdən, belə görünür ki, İranın Yaxın Şərq və beynəlxalq miqyasda izolyasiyası, eləcə də onun proksi qüvvələrinə qarşı İsrailin amansız müharibəsi bu cür qərarların qəbul edilməsinə gətirib çıxarıb. Hətta ehtimal edilir ki, hücumla bağlı İsrail müəyyən məsələləri nəzərdən keçirə və bunun sonrakı fəsadlarını gözə ala bilər. Çünki istənilən bir dövlət müxtəlif cəbhələrdə vuruşanda, hərbi əməliyyatlar həyata keçirəndə ya zəifləyir, yaxud da resursları tükənir. İsrail üçün də bu, əlbəttə ki, böyük çətinliklər yarada bilər.
Hərbi nöqteyi-nəzərdən, məsələnin İranla meydanda həll olunması ən doğru seçim variantı ola bilər. Yaxud eyni anda Livan, HƏMAS, İordan çayının Qərb sahili, İraq, Suriya və İranın döyüşlərə əlavə olunması İsrail üçün böyük çətinliklər və problemlər yarada bilər”.
Rafi Müslümov
www.yenicag.az