İrəvan gimnaziyası – Təhsil tariximizin bir parçası
1881-ci ildə azərbaycanlıların əski mədəni mərkəzlərindən biri olan İrəvan şəhərində İrəvan gimnaziyası və İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladı. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, böyük Mirzə Cəlilin vaxtilə dərs dediyi Uluxanlı məktəbinin əsası da həmin ildə qoyulmuşdur.
“Kavkazskiy kalendar” məcmuəsinin əksər nömrələrində vurğulanır ki, İrəvan gimnaziyası 1881-ci ildə yaradılmışdır. Ancaq tanınmış maarif xadimi Nurəddin İbrahimov 1970-ci ildə “Azərbaycan məktəbi” jurnalının 8-ci nömrəsində dərc etdirdiyi məqalədə İrəvan gimnaziyasının yaranmasının xeyli əvvəl olduğunu göstərir. Həmin məqalədə oxuyuruq: “İrəvan gimnaziyasında dərs demiş azərbaycanlı müəllimlərdən Molla Tağı Mahmud oğlu (1836-cı ildən 1856-cı ilədək), Mirzə Molla Ələkbər Elxanov (1856-cı ildən 1885-ci ilədək), Firudin bəy Köçərli (1885-ci ildən 1895-ci ilədək) və başqalarının adına rast gəlirik.”
Doğrudanmı İrəvanda 1836-cı ildə gimnaziya mövcud idi? Yaxud, həqiqətənmi Mirzə Ələkbər Elxanov 1856-cı ildən 1885-ci ilə kimi İrəvan gimnaziyasında müəllim kimi fəaliyyət göstərmişdir?
Əsl maarif fədaisi olmuş Nurəddin İbrahimovun bu faktı haradan götürməsi ciddi maraq doğurur. Görkəmli tədqiqatçı, akademik Hüseyn Əhmədovun “Azərbaycan məktəbi” jurnalının 1974-cü il 2-ci nömrəsində N. İbrahimovun fikri müəyyən dərəcədə təkzib edilir. Bu məqalədə göstərilir ki, 1828-ci ildə Uluxanlıda anadan olan M. Ə. Elxanov İrəvan şəhərində baş məscid nəzdindəki ruhani məktəbini bitirib. Sonralar rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasında imtahan verərək Azərbaycan dili müəllimi adını almışdır. O, imtahan yolu ilə rəsmi müəllimlik hüququ olan ilk azərbaycanlılardandır.
M. Ə. Elxanov 1856-cı ildən ömrünün sonunadək — 1885-ci ilə kimi (30 ilə qədər) İrəvandakı dövlət məktəbində (əvvəlcə qəza məktəbində, sonra prigimnaziya və gimnaziyada) Azərbaycan dilində dərs demişdir.
Bizcə, bu fikir həqiqətə daha uyğundur. Əvvəlcə qəza məktəbi yaranmış, sonra prigimnaziya, daha sonra gimnaziya yaradılmışdır. Molla Tağı Mahmud və Mirzə Ələkbər Elxanov da ilk müəllimlik fəaliyyətlərinə məhz qəza məktəbində başlamışlar. Burada ikinci bir məsələyə də diqqət yetirmək lazım gəlir. N. İbrahimov göstərir ki, Molla Mahmud Tağı, Mirzə Ələkbər Elxanovdan sonra Firudin bəy Köçərlinin (1885–1895) adına rast gəlinir. Bu bir tarixi həqiqətdir ki, Firudin bəy Köçərlinin işlədiyi gimnaziya təqdim olunarkən, həmin tədris ocağının yaranma tarixi də həmin qaynaqlarda qeyd olunur. Bu tarix 1881-ci ildir.
“Kavkazskiy kalendar” məcmuəsinin 1892-ci il 223-cü səhifəsində göstərilir ki, Firudin bəy Köçərli İrəvan gimnaziyasında Azərbaycan bölməsinin müdiri, eyni zamanda Azərbaycan dili müəllimi işləmişdir.
“Kavkazskiy kalendar”-ın 1894-cü il məcmuəsində Firudin bəy Köçərlinin fəaliyyəti bir az da geniş şəkildə təqdim olunur. Belə ki, bu böyük maarif xadimi gimnaziyada həm müsəlman şöbəsinin müdiri, həm də Azərbaycan dili müəllimi, həm də gimnaziyanın tərkibində pansionun müdiri olduğu göstərilir (səh. 247–248).
“Kavkazskiy kalendar”-ın 1895-ci il nəşrində Firudin bəy Köçərlinin vəzifələrinin eynilə saxlandığı qeyd olunur: həm gimnaziyada müsəlman şöbəsinin müdiri, həm Azərbaycan dili müəllimi, həm də gimnaziyanın tərkibində pansionun müdiri. Bu, Firudin bəy Köçərlinin İrəvanda işlədiyi sonuncu il olur. İstər bu illərdə, istərsə də sonrakı illərdə məcmuənin işıq üzü görmüş nömrələrində təkcə İrəvan gimnaziyası deyil, eləcə də İrəvan Müəllimlər Seminariyası və Uluxanlı məktəbindən, onların fəaliyyətindən söhbət açılarkən, onların yaranması xüsusilə vurğulanır.
Əldə olan məlumatlar Köçərlinin İrəvan həyatının çox dolğun keçdiyini təsdiq edir:“1885-ci ilin iyun ayında Köçərli İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunur. Pedaqoji işdə böyük müvəffəqiyyət göstərdiyi üçün o, demək olar ki, hər il mükafat alır, ona “kollejski sekretar”, “titulyar sovetnik”, “ştatski sovetnik” kimi rütbələr verilir.
İrəvan gimnaziyasında çalışdığı illərdə F. Köçərli maarif məsələlərinə dair məqalələr yazır, Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türki” adlı dərslik tərtib edir, “Təlimati-Sokrat” (1891) adlı fəlsəfi əsərin nəşrinə nail olur, həm də ədəbiyyata ciddi maraq göstərir, bədii tərcümə ilə məşğul olub. Puşkindən, Lermontovdan, Tolstoydan, Koltsovdan tərcümələr edir, tənqidi məqalələr yazır.
“Vətən dili” dərsliyinin müəllifi A. O. Çernyayevski 1894-cü ildə F. Köçərliyə göndərdiyi bir məktubunda yazırdı: “Bənövşə”, “Çiçək” və “Dilənçi” adlı tərcümələriniz mənim kitabımın zinəti mənziləsində olacaqdır. Nəzmi yüngül, musiqili və ahənglidir, qafiyələri də öz yerindədir” (“Azərbaycan Ədəbiyyatı Tarixi”. Bakı, 1960, s. 485).
F. Köçərli İrəvan ədəbi mühiti ilə bağlı çox tutarlı məqalələr yazmış və İrəvanda teatrın inkişafında da öz xidmətlərini göstərmişdir. F. Köçərli İrəvan gimnaziyasında 10 illik fəaliyyətindən sonra 1895-ci ilin oktyabr ayında Qori seminariyası adı ilə tanınmış Zaqafqaziya Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilir.
Sual oluna bilər: Bəs F. Köçərlidən sonra İrəvan gimnaziyasında onun fəaliyyətini kim davam etdirir?
Qaynaqların 1895-ci ildən sonrakı məlumatlarında bu sualın cavabı aydınlaşır. “Kavkazskiy kalendar” məcmuəsinin 1897, 1898, 1899, 1901, 1903, 1904 və 1905-ci il nömrələrində İrəvan gimnaziyasında İsmayıl bəy Şəfibəyov həm müsəlman şöbəsinin müdiri, həm Azərbaycan dili müəllimi, həm də gimnaziyanın nəzdində pansionun müdir müavini kimi fəaliyyət göstərir. Ancaq həmin məcmuənin 1906-cı il nəşrində Mirzə Məmməd Şeyxzadə İrəvan gimnaziyasında müsəlman şöbəsinin müdiri, İsmayıl Məmmədbəy oğlu Şəfibəyov isə həm Azərbaycan dili müəllimi, həm də pansionun müdir müavini kimi qeyd olunur.
“Kavkazskiy kalendar” məcmuəsinin 1907, 1909, 1911, 1912, 1913, 1914, 1915, 1916 və 1917-ci il tarixli nömrələrinin hamısında Şeyx Abu Səttar Kazımovun İrəvan gimnaziyasında müsəlman şöbəsinin müdiri, İsmayıl bəy Məmmədbəy oğlu Şəfibəyovun isə bu təhsil ocağında həm Azərbaycan dili müəllimi, həm də gimnaziya nəzdindəki pansionda müavin vəzifəsində çalışdığı bəlli olur.
1918-ci il avqustun 6-da İrəvanda erməni daşnaklarının törətdiyi fəlakətlər nəticəsində həm İrəvan gimnaziyası, həm də İrəvan Müəllimlər Seminariyası bağlanaraq, fəaliyyətini dayandırır./cebheinfo