İrəvanda “Kreml əməliyyatı”: Müxalifət silahla danışmağa HAZIRLAŞIR

media-hightechnic-468x90

“Ermənistan hazırda ən qarışıq və ağır dövrlərindən birini yaşayır. Çünki 2026-cı il parlament seçkiləri yaxınlaşır. Bu səbəbdən, Paşinyan hakimiyyəti öz siyasi hegemonluğunu qorumaq üçün planlar qurur. Alternativ olaraq isə radikal revanşist erməni müxalifəti hakimiyyəti ələ keçirmək üçün həlledici savaşa hazırlaşır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

media-nh1l1qrdxu9oor8yacxi

Siyasi təhlilçi gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Nikol Paşinyana qarşı müxalifət düşərgəsi tərəfindən başladılan impiçment prosesinin siyasi səbəblərini izah edib.

Onun sözlərinə görə, Paşinyan hökuməti Qərbdən gözlədiyi dəstəyi istədiyi səviyyədə ala bilmir:

“Bu isə onu Rusiya ilə müəyyən müsbət münasibətlər qurmağa məcbur edir. Ermənistanın Rusiya ilə iqtisadiyyat və hərbi təhlükəsizlik də daxil olmaqla bir çox sahədə asılı vəziyyətdə olması Paşinyan hakimiyyətini Moskva faktorunu nəzərə almağa vadar edir. Qərbin dəstəyinin olmaması bu vəziyyəti daha da kritik edir. Digər tərəfdən, Kreml də Paşinyan hakimiyyətinə qətiyyən etibar etmir. Bu səbəbdən Rusiya üçün ən sərfəli variant Paşinyanın devrilməsidir. Bəzi məlumatlara görə, Rusiya xüsusi xidmət orqanları artıq Ermənistandakı proseslərə aktiv şəkildə müdaxilə etməyə başlayıblar”.

E. Xalidbəyliyə görə, radikal revanşist erməni müxalifəti fəallaşdırılıb:

“Bəzi iddialara görə, onlar hakimiyyət dəyişikliyini seçkilərə qədər yekunlaşdırmaq niyyətindədirlər. Yəni siyasi mübarizənin nəticələrinin seçkilərlə müəyyən olunmasında maraqlı deyillər. Onlar hesab edirlər ki, Paşinyan hakimiyyəti seçkilərə qədər devrilməli, Paşinyanın iştirakı olmadan yeni bir seçki keçirilməli və nəticədə yeni hakimiyyət formalaşmalıdır. Bu istiqamətdə müxtəlif cəhdlər göstərilir”.

Müsahibimiz diqqətə çatdırıb ki, birinci istiqamət Paşinyana qarşı impiçmentin tətbiqidir:

“Lakin bu real görünmür, çünki parlament çoxluğu Paşinyanın nəzarətindədir və impiçment prosedurunun reallaşdırılması inandırıcı təsir bağışlamır. İkinci variant daha real görünür. Çünki Rusiyanın dəstəklədiyi radikal revanşist erməni müxalifətinin son savaşa cəlb olunması ehtimalı var. Üstəlik, nəzərə almaq lazımdır ki, bu qüvvələr “Qarabağ klanı”nın nəzarəti altındadır. Separatçı erməni terrorçuların əlində kifayət qədər silah və sursat toplanıb. Bu da seçki ərəfəsində ölkə daxilində silahlı toqquşmalara yol aça bilər. Başqa sözlə, Ermənistanda vətəndaş qarşıdurmaları, hətta vətəndaş müharibəsinə yaxın hadisələrin baş verməsi tamamilə mümkündür. Paşinyan hakimiyyəti bu ssenaridən yayınmaq üçün əlindən gələni edir. Lakin silah-sursat toplamayan hökumətin qarşısında, indi Ermənistanın öz daxilində problemə çevrilmiş separatçı erməni terrorçuları dayanır. Vaxtilə Azərbaycan üçün problem olan bu qüvvələr artıq Ermənistanın özünün əsas probleminə çevrilməyə başlayıb. Bütün bu amillər fonunda Ermənistandakı hadisələrin hansı istiqamətə yönələcəyi hələlik qeyri-müəyyən olaraq qalır”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600