“İrəvanda küçə səviyyəli çıxışlar adi hal alıb” – Paşinyan rəqiblərinə BELƏ HÜCUM EDİR
“Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin dini elitası ilə söz savaşında getdikcə daha sərt ritorikaya keçir. Paşinyan Ermənistan Apostol Kilsəsini hədəfə alan şəxsi hücumlarla diqqət çəkir ki, bu da onun siyasi çıxılmazlıq vəziyyətinə düşməsinin göstəricisi kimi dəyərləndirilir”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.
O, Paşinyan hakimiyyətinin kilsə və müxalifət başda olmaqla siyasi rəqiblərinə qarşı başlatdığı sərt mübarizənin pərdəarxası məqamlarını analiz edib.
“Halbuki Kilsə Paşinyanı əvvəllər də siyasi planda tənqid edib, hətta istefasını tələb edib. Lakin heç vaxt Paşinyanın sosial media hesablarında sərgilədiyi qədər aşağılayıcı ifadələrə müraciət etməyib. Siyasi müşahidəçilər hesab edirlər ki, Paşinyan ritorikasında Trampizmdən təsirlənmiş kimi görünür və İrəvanda küçə səviyyəli çıxışlar artıq adi hal alıb”.
P. Uolş hesab edir ki, gözləntilərə görə, gələn il keçiriləcək seçkilər ərəfəsində Paşinyan siyasi rəqiblərinə qarşı hücumlarını daha da artıracaq:
“Hədəfdə keçmiş prezident Robert Koçaryan, Ermənistan Apostol Kilsəsi və digər müxalif qüvvələr var. Paşinyan bu qüvvələrin Rusiya tərəfindən dəstəklənəcəyindən ehtiyat edir və hesab edir ki, Moskva bu seçkilərdə Kilsəni ona qarşı istifadə etməyə çalışacaq. Ancaq politoloqlar bildirirlər ki, Paşinyan Kremlin təsirini şişirdərək, siyasi opponentlərini “Rusiya aləti” kimi təqdim etməyə çalışır. Halbuki, reallıqda bu qüvvələrin Kremlin təlimatına tabe olduğu tam sübuta yetirilməyib. Bu isə Paşinyanın siyasi populizm və demaqogiyaya söykənən bir yanaşma sərgilədiyini göstərir. Gözləntilər ondan ibarətdir ki, seçkilər yaxınlaşdıqca bu ritorika daha da sərtləşəcək”.
“Bunun nə Paşinyana, nə də kilsəyə uzunmüddətli perspektivdə siyasi dividentlər qazandıracağı inandırıcı görünmür. Mövcud vəziyyət Qarabağda məğlubiyyətdən sonra Ermənistanın düşdüyü siyasi və ideoloji böhranı bir daha nümayiş etdirir. Rəsmi Yerevan isə hələ də ictimaiyyətə real vəziyyəti açıq və dürüst şəkildə izah etməyə cəsarət göstərmir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov