İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasını təmin etmək üçün iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılacaq.
Yenicag.az-ın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə qaydaları”nı təsdiqləyib.
Sistem həm də iri dövlət şirkətlərinə dair maliyyə, kadr uçotu və daşınmaz əmlak üzrə məlumatların vahid bazada birləşdirilməsini, iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin müqayisəli təhlil edilməsini, informasiya sisteminin istifadəçiləri tərəfindən iri dövlət şirkətlərinə dair müvafiq məlumatların real vaxt rejimində əldə edilməsini təmin edir.
İnformasiya sisteminin operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir.
İnformasiya sistemi bir necə altsistemlərdən ibarətdir. Kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistemdə informasiya sisteminin iştirakçılarına aid ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndistexniki heyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks olunacaq. Maliyyə göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistemdə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatlar əks etdiriləcək. Daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistemdə informasiya sisteminin iştirakçılarına aid daşınmaz əmlakın sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə məlumatlar əks etdiriləcək.