İşçilərin icazə hüququ: İşəgötürən buna qadağa qoya bilərmi? – HR mütəxəssisindən AÇIQLAMA

media-hightechnic-468x90

İşçilərin şəxsi səbəblərlə işdən icazə alması məsələsi əmək bazarında ən çox müzakirə olunan mövzulardan biridir. Bəs bu proses qanunvericiliklə necə tənzimlənir və işəgötürənin bu icazələri məhdudlaşdırmaq hüququ varmı?

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında insan resursları (HR) meneceri Röyal Əhmədov bildirib ki, işçilərin şəxsi həyatları, məişət və ya fərdi problemləri ilə əlaqədar işdən icazə alması əsasən məzuniyyət mexanizmləri vasitəsilə tənzimlənir:

“Ümumiyyətlə, işə qəbuldan sonra işçilərə verilən bu tip icazələr qanunvericilikdə ayrıca ‘icazə’ anlayışı kimi deyil, məzuniyyət növləri çərçivəsində nəzərdə tutulur. Yəni, işçi şəxsi səbəblərlə işdən ayrılmaq istəyirsə, bu, əsasən ödənişsiz və ya digər məzuniyyət növləri əsasında həyata keçirilir. Qanunvericilikdə bu məsələlər konkret maddələrlə tənzimlənir”.

HR mütəxəssisi qeyd edib ki, şirkətdaxili qaydalar çərçivəsində qısamüddətli icazələrin verilməsi tərəflər arasında razılaşma əsasında formalaşır:

“Əgər söhbət bir neçə günlük icazədən gedirsə — bir, iki gün və ya daha uzun müddət  bu zaman işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsas rol oynayır. Bu prosesin konkret standart mexanizmi yoxdur və daha çox daxili siyasətə uyğun şəkildə tənzimlənir”.

Ekspertin sözlərinə görə, işəgötürən bu icazələri tam şəkildə qadağan edə bilməz, lakin müəyyən hallarda məhdudiyyətlər tətbiq oluna bilər:

“Ümumi olaraq işəgötürən icazələrin qarşısını tam ala bilməz. Sadəcə bəzi hallarda — məsələn, istehsalat prosesinin davamlılığı üçün vacib olan əməkdaşın yoxluğu şirkətə ciddi təsir edərsə və ya işçilərin kütləvi şəkildə icazə istəməsi halında — bu icazələr qismən məhdudlaşdırıla bilər”.

Röyal Əhmədov məzuniyyət növlərinə də aydınlıq gətirərək, qanunvericilikdə əsas, sosial, təhsil və ödənişsiz məzuniyyət növlərinin mövcudluğunu vurğulayıb:

“Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, işçi və işəgötürən arasında qarşılıqlı razılıq əsasında işçi bir il ərzində maksimum 6 aya qədər ödənişsiz məzuniyyət götürə bilər”.

HR menecer əlavə edib ki, bəzi xüsusi hallarda daha uzunmüddətli məzuniyyətlər də nəzərdə tutulur:

“Analıq məzuniyyəti 126 gün təşkil edir və doğuşun çətinliyi və ya çoxuşaqlı doğuş hallarında bu müddət artırıla bilər. Bundan başqa, son dəyişikliklərə əsasən atalıq məzuniyyəti də tətbiq olunur. Təhsil alan şəxslər üçün isə kurslara uyğun olaraq təhsil məzuniyyəti hüququ mövcuddur”.

Sonda ekspert vurğulayıb ki, işçilərin qısamüddətli əlavə icazələri əksər hallarda ya ödənişsiz məzuniyyət, ya da tərəflər arasında razılaşma əsasında həll edilir:

“İşçi bir neçə gün və ya həftəlik icazə istəyərsə, bu, ya ödənişsiz məzuniyyət kimi rəsmiləşdirilməli, ya da qarşılıqlı razılıqla həll olunmalıdır. Ümumilikdə isə işə qəbuldan sonra əməkdaşın icazə hüququ tam məhdudlaşdırıla bilməz, yalnız müəyyən hallarda tənzimlənə bilər”.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05