İşə qəbulda sınaq müddəti tələbi: Kimlərə tətbiq edilə bilməz?

media-hightechnic-468x90

Əmək bazarında işə qəbul zamanı ən çox qarşılaşılan məsələlərdən biri sınaq müddətinin necə və hansı hallarda tətbiq olunmasıdır. Bir çox hallarda işçilər bu prosesin hüquqi çərçivəsini tam bilmədikləri üçün müəyyən problemlər və hüquq pozuntuları ilə üzləşirlər.

media-banner_tkm

Mövzu barədə Yenicag.az-a açıqlamasında insan resursları (HR) meneceri Röyal Əhmədov bildirib ki, sınaq müddəti Əmək Məcəlləsinin 51-ci maddəsi ilə tənzimlənir və işçinin əmək funksiyalarını yerinə yetirmə qabiliyyətinin yoxlanılması məqsədi daşıyır.

Ekspertin sözlərinə görə, sınaq müddəti yalnız tərəflərin qarşılıqlı razılığı əsasında tətbiq olunur və bu məqam əmək müqaviləsində mütləq şəkildə qeyd edilməlidir:

“Əgər əmək müqaviləsində sınaq müddəti göstərilməyibsə, işəgötürən sonradan bunu tələb edə bilməz. Bu məsələ müqavilə bağlanarkən rəsmiləşdirilməlidir”.

HR meneceri bildirib ki, müqavilənin müddətindən asılı olaraq sınaq müddətinin maksimal həddi dəyişir:

“6 aya qədər olan əmək müqavilələrində sınaq müddəti maksimum 2 həftə təyin oluna bilər. Əgər müqavilə müddəti 6 aydan çoxdursa – məsələn, 1 il, 2 il və ya 3 illikdirsə – bu halda sınaq müddəti ən çox 3 ay ola bilər”.

Röyal Əhmədov əlavə edib ki, sınaq müddəti ərzində tərəflərdən hər biri əmək münasibətlərini dayandırmaq hüququna malikdir. Lakin bunun üçün müəyyən prosedurlara əməl olunmalıdır:

“Sınaq müddətinin bitməsinə ən azı 3 gün qalmış tərəflər bir-birinə yazılı şəkildə məlumat verməlidir. İşçi bu qərarı səbəb göstərmədən verə bilər. Amma işəgötürən əmək müqaviləsinə xitam vermək istəyirsə, bu halda mütləq şəkildə işçinin vəzifəyə uyğun olmamasını əsaslandırmalıdır”.

Ekspert həmçinin vurğulayıb ki, bəzi hallarda qanunvericiliyə əsasən sınaq müddəti ümumiyyətlə tətbiq edilə bilməz. Bu kateqoriyaya aşağıdakı həssas qruplar daxildir:

“Yeni məzun olmuş və ixtisasına uyğun işə qəbul edilən şəxslərə, 2 aya qədər müqavilə bağlanan işçilərə, hamilə qadınlara, 3 yaşına qədər uşağı olan tək valideynlərə, 18 yaşına çatmamış şəxslərə, seçkili vəzifələrə seçilmiş şəxslərə və müsabiqə yolu ilə işə qəbul olunanlara sınaq müddəti tətbiq edilmir”.

Onun sözlərinə görə, bu şəxslərə münasibətdə işəgötürən tərəfindən sınaq müddəti tələbi qanun pozuntusu hesab olunur və işçinin bu halda öz hüquqlarını tələb etmək imkanı var.

Röyal Əhmədov sonda qeyd edib ki, sınaq müddəti əmək bazarında işçi və işəgötürən arasında uyğunluğun yoxlanılması üçün vacib mexanizm olsa da, onun tətbiqi yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05