!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşgəncələrlə gündəmə gələn "Tərtər işi"ndə arxa planda qalan casusluq faktları - Səxavət Məmməd iddialara cavab verir

Adı “Tərtər işi” qoyulmuş məsələnin hər zaman geniş şəkildə araşdırılmasının tərəfdarı olmuşam. Prosesə işgəncə faktları daha çox qabardıldığı üçün insanların beynində belə bir fikir formalaşıb ki, casusluq olmayıb, bilərəkdən, planlı şəkildə bu proses orduda həyata keçirilib.

Casusluqla bağlı iki yazı yazandan sonra mənə belə bir ritorik sual ünvanlandı: Niyə görə casusluqla bağlı indi yazırsan? Sanki hansısa bir prosesə mane oluram. Hətta sifariş aldığımı iddia edənlər də var. Hər kəsin fikrinə hörmətlə yanaşaraq bildirmək istəyirəm ki, hələ “Tərtər işi”indən təxminən 2 ay əvvəl bir yazı yazmışdım və həmin yazıdan bir hissəni sosial şəbəkədə paylaşmışdım.

Oxuya bilərsiniz: “Üstündən keçməyəcəyimiz bir məsələ var. Necə oldu ki, əsgərlərimizin cəsədi ermənilərin əlində olmadan, o istiqamətdə əsir düşənimiz olmadan ermənilər şəhidlərimizin adlarını, vəzifələrini hadisədən az sonra yayımladılar? DTX-nin ilk işi orduda “təmizlik” işləri olmalıdır. Düzdür, “təmizlik” var, ancaq kökünü qaşımaq lazımdır”.

Yazı 27 fevral 2017-ci ildə yazılıb. Ola bilsin, hansısa “dahi” ortaya iddia atacaq ki, “Tərtər işi”nin nə vaxt başlayacağından xəbərdar olmuşam. Gülüb keçirəm.

Bunları yazarkən Azərbaycanda nəinki belə bir iddia ortaya atan olmuşdu, heç buna ürək edən də tapılmırdı. Sual oluna bilər, bunları nəyə əsaslanıb yazmışdım.

2017-ci ilin fevral ayının 25-də Azərbaycan Ordusunun 5 kəşfiyyatçısı şəhid oldu. Həmin hadisədən saatlar sonra erməni tərəfi onlar barədə bütün informasiyanı açıqladı. Daha sonra isə qarşı tərəf kəşfiyyatçıların şəhid olması ilə bağlı videonu təqdim etdi. Həmin videonu ürək ağrısı ilə izləyəndən sonra peşəkarcasına baxanda bir məsələ insanı düşündürməyə bilmirdi: Sanki gediləcək ərazi əvvəlcədən bilinir və kameralar da həmin istiqamətə fokuslanıb.

Burada erməni tərəfi Azərbaycan cəmiyyətini sarsıtmaq üçün iş görsə də, əslində, bilməyərəkdən mesaj verirdi ki, içəridə “adamlarımız” var. Təkcə videolar və adların açıqlanmasından bu fikrə düşmüşdüm? Qətiyyən! 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra zabitlərlə söhbətləşmək imkanımız oldu. Həmin vaxt zabitlərin bir çoxu deyirdi ki, bəzən baş verən şeylər anormal gəlir, ancaq əlimizdə heç bir fakt yoxdur.

Artıq ordunun içərisində də şübhələnlər var idi. Sadəcə casusluq məsələsini aşkar etmək o qədər də asan bir şey olmadığı üçün hər kəs şübhələnməkdən o yana keçə bilmirdi.

2016-cı ilin aprel döyüşləri zamanı yaralı bir erməni zabiti Azərbaycan Ordusunun zabitlərinə bildirir ki, onu buraxma müqabilində gedib həmin əraziyə yaxın rayondakı evlərin birindən 10 min dollar pul götürsünlər. Bu barədə, təbii ki, xüsusi xidmət orqanlarına məlumat verilir. Ünvan yoxlanılan zaman məlum olur ki, ev sahibi bir gün əvvəl Rusiyaya qaçıb. Təbii ki, bu hadisə şübhələri bir qədər də artırmışdı.

Digər bir fakt. Casusluqla bağlı bir faktın üstü açılır. Dindirmə prosesi zamanı əsgərlərdən biri diqqət çəkir. Belə ki, hərbi polisin rəisi əsgərin yaşının çox olmasını bilir, ancaq ali təhslilli olmaması əlavə suallar verilməsinə səbəb olur. Sorğu-sual zamanı həmin əsgər etiraf edir ki, Rusiyada ermənilər onu ələ alıb, ona əsgərliyə getmək lazım olduğu deyilib. Sonra hansı istiqamət lazımdırsa, ora saldırmaq üçün pul ödənilir və “gözlə, biz sənə bildirəndə, dediyimizə əməl edərsən” tapşırığı verilib. Həmin şəxs bütün bunları məhkəmədə də etiraf edib. Məsələ ilə bağlı şəxsin adının çəkilməsini doğru hesab etmədiyimiz üçün qeyd etmirik.

Düşünürəm ki, bunları gizlədib, bunlardan bəhs etmədən ancaq işgəncədən danışmaq ordunun zərərinədir. Çünki heç kim bilmir, orduda tam təmizlənmə olub, yoxsa yox. Qarşı tərəfin etmək istədikləri və niyyəti barədə də məlumatımız yoxdur.

Növbəti yazılarda digər fatklardan söz açacam. Əslində, bu, casusluqdan daha çox ritorik suallara cavab yazısı idi.

www.yenicag.az

1262
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100