Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.
İttihamda deyilir ki, Nuridə Seyidovaya məxsus sözügedən şirkətlərdən birinin ofisi Heydər Əliyev prospektindəki “Çinar Plaza”da, digəri Əhməd Rəcəbli küçəsindəki “Amara Plaza”da yerləşib.
N. Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İş üzrə 36 nəfər zərərçəkmiş kimi tanınıb. Bunlar hər biri azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Kimisi evini satıb, kimisi gəlir yeri və satmağa heç nəyi olmadığı üçün başqalarından borclanıb.
Topladıqları bütün pulları təqsirləndirilən şəxslərə veriblər. Zərərçəkmiş şəxslər istintaqdakı ifadələrində deyiblər ki, “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətləri barədə sosial şəbəkələrdən məlumat alıblar.
Saytlarındakı telefon nömrəsinə zəng vuraraq əlaqə saxlayanda Heydər Əliyev prospektindəki ofisə dəvət olunublar. Orada övladlarının xəstəlik sənədlərini təqdim ediblər, onlara övladlarının müalicəsi üçün Türkiyənin Antalya şəhərində yerləşən “Antalya Medical Park” təklif olunub.
Sonra zərərçəkənlərdən yola çıxmaq üçün başqa sənədləşmələr və pullar toplanıb. Bu proseslər əsasən 2022-ci ildə baş verib. Bəzi valideynlər xəstə övladları ilə gedərək həmin xəstəxanaya yerləşiblər. Ancaq sonradan onlara heç kimin sahib çıxmadığını görəndə geri qayıdıblar. İstintaqın sonradan zərərçəkən kimi tanıdığı vətəndaşlar işin uzandığını görəndə, vədlərin yalan olduğunu anlayanda, pullarını və sənədlərini geri tələb ediblər. Buna nail olmayanda isə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Təqsirləndirilən xanımlardan yalnız Nuridə özünü qismən təqsirli bilir, Aynur və Aysel isə özlərini günahsız hesab edir.
Maraqlısı isə budur ki, ev dustaqlığında olan Aysel özünü təqsirli bilməsə də, xeyli zərər ödəyib: “Bir tərəfdən deyirsən təqsirsizəm, digər tərəfdən nə qədər ziyan ödəmisən. İlginc…”, – prosesə sədrlik edən hakim deyib.
Təqsirləndirilən şəxslərin məsum olduqlarını demələri xəstə uşaqların valideynlərinin etirazına səbəb olub. Onlar zalda səs-küy salıblar. Hakim Azad Məcidov zərərçəkmişləri anladığını deyərək onlara müraciət edib: “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq. Sizi anlayırıq, amma xahiş edirik, imkan verin, prosesi aparaq”.
Bundan sonra zalda susqunluq yaranıb. Növbəti iclas mayın 1-nə təyin edilib.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.
www.yenicag.az