Son zamanlar yayılan xəbərlərə görə, Suriya və İraqda məğlub olan İŞİD terrorçuları növbəti hədəf kimi Mərkəzi Asiya ölkələrini seçiblər. Hansı ki, onların Mərkəzi Asiyada peyda olması həmçinin, bütün MDB məkanı üçün təhdid deməkdir.
Görəsən, İŞİD-in üzünü bu dəfə Mərkəzi Asiyaya çevirməsi nədən qaynaqlanır?
Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, İŞİD-in üzünü Mərkəzi Asiyaya çevirməsinin kökündə onların fəaliyyəti üçün münbit şəraitin yaranması və onu idarə edənlərin geosiyasi maraqları dayanır:
“İŞİD müstəqil şəkildə hərəkət etməyə qadir olan terror şəbəkəsi deyil. Bildiyiniz kimi, bu terror təşkilatı beynəlxalq qlobal güclər tərəfindən yaradılıb və bu gün də idarə olunur. Bu güclərin də arxasında başda ABŞ dayanır. Dünyanın hansısa bir məkanı ABŞ-ın geosiyasi maraqlarına cavab verirsə, İŞİD də bu gün məhz həmin bölgələrdə peyda olur. Belə hadisələr də siyasi hakimiyyətin çox zəif, İŞİD-in fəaliyyəti üçün çox münbit mühitin olduğu bölgələrdə baş verir.
İŞİD indi də üzünü Mərkəzi Asiyaya çeviribsə, deməli, bunun üçün həmin bölgədə münbit mühit yaranıb və ABŞ-ın regionda geosiyasi maraqları var. Ona görə də hazırda İŞİD-in Əfqanıstan, Mərkəzi Asiya və ora yaxın bölgələrə “sızması” təbii ki, həmin ərazilər, eyni zamanda Müstəqil Dövlətlər Birliyinə daxil olan postsovet məkanı ölkələri üçün də ciddi təhlükələr yaradır. Bu bölgəyə İŞİD terrorçuları gəlirsə, qonşu regionlardakı ölkələrdə həmin terror təşkilatının yaratdığı yatmış hüceyrələr də tədricən oyanacaq. Belə vəziyyət sonda İŞİD-in həmin bölgələrdə təşkilatlanmasına gətirib çıxaracaq ki, bu da orada yerləşən dövlətlər üçün böyük təhdidlər vəd edir. İŞİD terrorunun İraq, Suriya, bir də Əfqanıstandakı fəaliyyətinin hansı ağır nəticələrə gətirib çıxartdığını bilavasitə gördük. Onu da nəzərə alaq ki, İŞİD-in peyda olduğu ərazilər əsasən, enerji daşıyıcı mənbələrinin olduğu bölgələrdir.
İŞİD-i maliyyələşdirən konkret şəbəkələr var ki, məhz həmin terrorçular vasitəsilə enerji daşıyıcı mənbələri uzun müddət istismar edib; ucuz alıb, baha satmaqla milyardlarla dollar əldə edib. Belədə İŞİD dünyanın müxtəlif regionlarında həmin qlobal güclərin təminatı rolunda fəaliyyət göstərir. O baxımdan düşünürəm ki, İŞİD-in harada olub-olmamasına baxmayaraq, mütləq mənada bu terror bəlasına qarşı ciddi mübarizə aparılmalıdır.
İŞİD Suriya və İraqda tamamilə məğlub olsa da, onların birdəfəlik silinməsini istəməyən güclər mövcuddur. Bu gün İŞİD terrorunu bəhanə edərək, Afrində “Zeytun budağı” əməliyyatının dayandırılması üçün beynəlxalq ictimai rəy yaratmaq istəyən qlobal güclər var. Məhz yenidən İŞİD terrorunu xortlatmaqla dünya üçün belə bir xof yaratmaq və beynəlxalq ictimai rəy vasitəsilə Türkiyəyə təzyiq etmək istəyirlər. Belə bir fikir formalaşdırırlar ki, guya Afrin əməliyyatı İŞİD-lə mübarizəni səngidib və ona görə də təcili olaraq, Afrin əməliyyatı dayandırılmalıdır. Bu cür bəhanələrdən istifadə etməklə, yenidən İŞİD-i xortlatmaq niyyətində olan əsas ölkə qismində isə ABŞ çıxış edir. Ona görə də İŞİD bu dəfə Mərkəzi Asiya ölkələrində peyda olursa, onu nəhəng dünya dövlətlərinin geosiyasi maraqlarında axtarmaq lazımdır”.
ELÇİN
www.yenicag.az