İspaniyada anti-miqrant ZORAKILIĞI ARTDI
İspaniyanın Mursiya vilayətinə bağlı Torre Paçeko şəhərində baş verən hadisə ölkədə yeni bir irqçi zorakılıq dalğasına səbəb olub.
Yenicag.az xəbər verir ki, hadisəyə səbəb 60 yaşlarında bir ispaniyalının bir qrup gənc mühacir tərəfindən döyüldüyü iddiası olub. Bu məlumatın yayılmasından sonra, əsasən Mərakeş və Şimali Afrikadan olan mühacirlərə qarşı kütləvi təzyiq və hücumlar başlayıb. Hadisənin təfərrüatları hələ tam təsdiqlənməsə də, bu, ölkədə anti-mühacir isteriyasının alovlanmasına rəvac verib.
İspaniyada sürətlə güclənən radikal sağçı “Vox” partiyası bu insidentdən istifadə edərək mühacirlərə qarşı nifrət çağırışları edib. Sosial media və “Telegram” üzərindən “mühacir ovuna çıxmaq” yönündə çağırışlar paylaşılıb. Hadisələrin gedişi, siyasi müşahidəçiləri 2000-ci ildə El Exido şəhərində baş verən və Avropanın “son poqromu” kimi dəyərləndirilən kütləvi anti-mühacir zorakılığını xatırladıb.
Torre Paçekoda, San Antonio kimi mühacirlərin sıx yaşadığı məhəllələrə xaricdən gələn sağçı qruplar hücum edib. Hücumlar əsasən “Vox”un təşviqi ilə həyata keçirilib. Jurnalist və hüquqşünas Xavyer de Lukas bildirib ki, bu hadisələr El Exido faciəsinin yenidən təkrar oluna biləcəyini göstərir.
Ekspertlər hesab edirlər ki, mühacirlərin marjinallaşdırılması, işsizlik və sosial təcrid kimi problemlər sağçı populizmin qızışdırılmasına zəmin yaradır. Dövlətin bu məsələlərə passiv münasibəti isə vəziyyəti daha da təhlükəli edir.
Xavyer de Lukasın fikrincə, bu cür zorakı çağırışlara qarşı hüquqi tədbirlər görülməli, sağçı radikalizmin təbliği ilə ciddi mübarizə aparılmalıdır. O, eyni zamanda, uzunmüddətli həll kimi sosial inteqrasiya proqramlarının gücləndirilməsini və icmalararası həmrəyliyin artırılmasını tövsiyə edir.