İspaniyada SEL DAŞQINLARI – Adanı SU BASDI
İspaniyaya məxsus Kanar adalarına daxil olan Lansarote adasında güclü sel fəlakətindən sonra fövqəladə vəziyyət elan olunub.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Bildirilir ki, yağıntıların intensivliyi nəticəsində adada bir çox evlər və yollar su altında qalıb. Meteoroloqların məlumatına görə, şənbə günü, 12 aprel tarixində cəmi iki saat ərzində adaya 6 santimetr yağıntı düşüb. Bu, bölgədə fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub.
“Biz bütün gecə işlədik və gecə ərzində 300-dən çox çağırışa cavab verdik. Onların əksəriyyəti Arresife və Teqisedən daxil olmuşdu. Bəzi evləri sel basıb, digərlərində isə böyük miqdarda palçıq və lil qalıb”, – deyə Lansarote adası hökumətinin fövqəladə hallar xidmətinin rəhbəri bildirib. Rəsmi məlumatlara görə, sel nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, bu ilin mart ayında İspaniya hökuməti keçən il Valensiya bölgəsində baş vermiş ölümcül sel fəlakətindən zərər çəkmiş təxminən 25 min miqranta birillik yaşayış və iş icazəsi veriləcəyini açıqlamışdı.
Bundan əlavə, Valensiyada ötənilki sel fəlakəti ilə bağlı başlanmış istintaq çərçivəsində İspaniya məhkəməsi iki keçmiş yüksək vəzifəli regional məmuru qəsdən adamöldürmə şübhəsi ilə ifadə verməyə çağırıb.