“İsrail beynəlxalq təzyiq altındadır” – Fələstinlə bağlı çağırışlar artır

media-hightechnic-468x90

“İsrail Fələstinin müstəqil dövlət kimi tanınmasının qarşısını almağa çalışır.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

media-zeynal_emreliyev-1

Politoloq son aylarda İsrailin Qəzza bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlara qarşı beynəlxalq təzyiqlərin artdığını və artıq 15 dövlətin Fələstinin müstəqil dövlət kimi tanınması üçün birgə çağırış etdiyini xatırladaraq qeyd edib ki, bu proses müsbət nəticə verərsə, İsrail üçün ciddi nəticələr doğura bilər:

“İsrailin Qəzza bölgəsində keçirdiyi əməliyyatlardan sonra Fələstinin tanınması məsələsi daha da aktuallaşıb. İsrail hökuməti açıq şəkildə bəyan edir ki, Fələstinin müstəqil dövlət kimi tanınmasına qarşıdır və buna imkan verməyəcək. Xatırladaq ki, Donald Trampın ilk prezidentliyi dövründə Qüds şəhərinin İsrail tərəfindən ilhaqına start verilmişdi. Ardınca İordan çayının qərb sahili də İsrailin ərazisi elan olundu. Hazırda isə İsrail Qəzza bölgəsində əhalini kütləvi şəkildə köçürərək, burada yəhudi yaşayış məskənləri salmaq və bu əraziləri də dövlətə ilhaq etmək istiqamətində çalışır.”

Politoloqun fikrincə, Fələstinin müstəqil dövlət kimi formalaşması üçün nəzərdə tutulan əsas ərazilərin hamısı hazırda İsrailin nəzarətindədir:

“Fələstin dövləti üçün 3 əsas ərazi müəyyən edilmişdi: İordan çayının qərb sahili, Qüds şəhəri və Qəzza bölgəsi. Bu 3 ərazinin hər biri artıq faktiki olaraq İsrailin nəzarətindədir. Bu da o deməkdir ki, Fələstin dövlətinin yaradılması prosesi ciddi maneələrlə üzləşəcək və reallaşması çətin olacaq. Çünki həmin ərazilər işğal altındadır.”

Z. Əmrəliyev bildirib ki, əgər bir sıra ölkələr Fələstini müstəqil dövlət kimi tanısa, bu halda İsrailin atdığı addımlar beynəlxalq hüquq baxımından işğal aktı kimi qiymətləndirilə bilər:

“Əgər bu ölkələr Fələstini rəsmi şəkildə tanısa və buna baxmayaraq, İsrail həmin ərazilərdə hərbi əməliyyatlara davam etsə, bu zaman İsrail işğalçı dövlət kimi tanına bilər. Bu isə öz növbəsində beynəlxalq təzyiqlərin və sanksiyaların güclənməsinə səbəb olacaq. ABŞ isə bu prosesi dayandırmaq üçün maksimum səylə çalışır.”

Politoloq qeyd edib ki, hətta ABŞ daxilində də bu məsələdə fikir ayrılığı yaranıb:

“Son günlərdə ABŞ Konqresinin bir sıra üzvü Donald Trampa müraciət edərək Fransa və Böyük Britaniya ilə birlikdə Fələstinin tanınmasını tələb ediblər. Bu da göstərir ki, məsələ ilə bağlı Trampa qarşı ciddi təzyiqlər mövcuddur.”

Z. Əmrəliyev sonda əlavə edib ki, sentyabrda keçiriləcək BMT Baş Assambleyasının ənənəvi sessiyasında Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı qərarın qəbul olunması ehtimalı var və bu, İsrail üçün beynəlxalq arenada ciddi problemlər yarada bilər.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa