“Torpaqlarımızı İranın da dəstək verdiyi erməni faşizmindən azad edərkən yanımızda olan İsraildə səfirliyimizin açılmasını reallaşdırmalıyıq”.
Bu fikirləri Azərbaycanın İsraildə səfirlik açması üçün zamanın yetişdiyini deyən Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, İsrailin uzun müddətdir, Azərbaycanda səfirliyinin fəaliyyət göstərdiyini nəzərə alaraq, biz də bu addımı atmalıyıq:
“Azərbaycanın İsraildə səfirlik açmaq məsələsi artıq gündəm müzakirəsidir və ölkənin ictimai-siyasi xadimləri bu işin reallaşmasını arzulayan fikirlərini ifadə ediblər. Hesab edirəm ki, İsrailin uzun müddətdir, Azərbaycanda səfirliyinin fəaliyyət göstərdiyini nəzərə alaraq, biz də bu addımı atmalıyıq.
Yaxın qonşumuz olan İranın bu məsələyə aqressiv yanaşmasına baxmayaraq, o ölkə bizim daxili işlərimizə qarışa bilməz. Eyni zamanda, İranın da kiminlə dostluq, kiminlə düşmənçilik etməsi də onun öz işidir. Azərbaycanın hər hansı seçiminə, addımına İranın mövqe bildirməsi başadüşülən olmaz.
Ona görə də fikrimcə, Azərbaycanla çox normal əməkdaşlıq edən, geniş ticari əlaqələrimizin olduğu, İkinci Qarabağ savaşında torpaqlarımızı İranın da dəstək verdiyi erməni faşizmindən azad edərkən yanımızda olan İsraildə səfirliyimizin açılmasını reallaşdırmalıyıq.
İsrail həlledici dönəmdə Azərbaycanın yanında olubsa, dəstək veribsə, biz də bu ölkədə səfirlik səviyyəsində diplomatik nümayəndəlik açmaqda maraqlı olmalıyıq. Təbii ki bu məsələdə son söz cənab Prezidentindir. Amma ölkənin ictimai-siyasi həyatında olan millət vəkilləri, politoloqlar, digər ictimai xadimlər bu prosesin tezləşdirilməsini arzu edirlər. Mən də bu fikirdəyəm ki, artıq İsraildə səfirlik açmağımızın zamanıdır”.
A.Zeynalov
www.yenicag.az