!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbuldakı təhsilsiz azərbaycanlı uşaqlarla bağlı SOS!!!

!Reklam – Yazi

SAMSUNG CSC

“Maarifçi Qadınlar” İctimai Birliyi uşaqların təhsilə cəlb edilməsi uğrunda mübarizə aparır

Türkiyə Cümhuriyyətinin televiziya kanallarından birində erməni jurnalist Türkiyədəki kilsələrdən birində belə bir mənzərəni anladırdı. Bir nəfər uşaqlara kilsədə dərs keçirdi. Jurnalist izahat verirdi ki, kilsədə yazı-pozu öyrənən uşaqların valideynləri İstanbula gəlib, qeyri-rəsmi yolla işləyirlər. Həmin ermənilərin məktəbyaşlı uşaqları təhsildən kənarda qalmasın deyə, onları kilsəyə toplayıb yazı-pozu öyrədirlər. Bir qrup insanlar da belə qərara gəliblər ki, kilsədə onlara ibtidai məktəb açsınlar. Belə də ediblər. İndi onlar həmin məktəbi daha sivil formaya salıblar. Həqiqətən də, ermənilər Türkiyədə erməni məktəbi açmağa nail oldular.

Suriyadan gələn qaçqınlar üçün də Türkiyədə məktəblər açıldı.

1980-ci illərin sonunda mənfur qonşularımızın təcavüzü nəticəsində Naxçıvan Muxtar Respublikasının sərhəd rayonlarından da Türkiyəyə üz tutanlar oldu.

Bu görüntülərə baxandan sonra düşündüm ki, bəs görəsən, onların taleyi necə olub? Bu suallara cavab tapmaq məqsədi ilə izlər aramağa başladım və müəyyən məlumatlar əldə etdim. Öyrəndim ki, bir zamanlar işləmək, öz yaşamını düzənə salmaq məqsədi ilə Türkiyəyə üz tutan insanlar qəribliyin acısını az hiss etsinlər deyə bir-birinə yaxın olmaq üçün eyni ərazidə məskunlaşıblar. Həmin ərazilərdən biri də İstanbul şəhərinin Halqalı qəsəbəsidir. Bu qəsəbədə fabrik və zavodlar çox olduğu üçün insanlar özlərinə iş tapmaq ümidi ilə burada məskunlaşıblar. Bir-birlərinə arxa dura-dura beləcə öz yaşamlarını davam etdiriblər. Onların bir zamanlar 1, 5, 10 yaşlarında Türkiyəyə gəlmiş uşaqları təhsil almadan böyüyüb. Çox az əmək haqqı alsalar da, geriyə – öz Vətənlərinə dönməyiblər. Bir zamanlar ata-anaları ilə 5, 10 yaşında öz vətənlərini tərk edən həmin uşaqların özlərinin də 5, 10 yaşında övladları eyni taleni yaşayır. Yəni təhsil almadan, yazma, oxuma bilmədən cahilcə böyüyürlər. Onların arasında yüzlərcə istedad məhv olur, əməyi istismar olunur. Onlar isə 10 deyil, 20 deyil, 50 deyil, minlərlədir.

Uşaqların çoxunun doğum haqqında şəhadətnaməsi belə yoxdur. Belə bir vəziyyətdə insan düşünür ki, tanıdığım millətlərdən heç biri öz körpələrinin, bu gözəl-göyçək uşaqların belə vəziyyətə düşməsinə razı olmazdı. İndi onlar nə Türkiyə vətəndaşlarlarıdır, nə də Azərbaycan.
“Maarifçi Qadınlar” İctimai Birliyi olaraq Türkiyənin “Zəhra Ana” qadın təşkilatı ilə əlaqələr qurduq. “Zəhra Ana” dərnəyinin başqanı Məftunə xanım Halqalı qəsəbəsində fabriklərdə fəhləlik edən valideynlərin uşaqları üçün qeyri-rəsmi məktəb açılmasına nail oldu.

İlk 2013-cü ildə 75 nəfər məktəblidən ibarət olan 3 sinifli məktəb indi daha da böyüyüb. Məktəbdə I, II, III olmaqla 7 sinif fəaliyyət göstərir.

Tədris Azərbaycan dilindədir. Azərbaycandan olan ali təhsilli müəllimlər dərs deyirlər.
Məktəbin bütün maliyyə xərcləri “Zəhra ana” dərnəyinin hesabından ödənilir.

“Maarifçi Qadınlar” İctimai Birliyinin üzvləri adından bütün millətimiz adından “Zəhra ana” qadın dərnəyinin başqanı Məftunə xanıma, onun kollektivinə öz dərin minnətdarlığımızı bildiririk. Heç olmasa 3000-dən artıq uşağın 175 nəfərinə yazmaq, oxumaq, hesablamaq və s. öyrədirlər.
Həmin şagirdlərə dərslikləri I sinifdə oxuyan zaman “Maarifçi Qadınlar” İctimai Birliyinin üzvləri öz şəxsi vəsaitləri hesabına alıb bu gözəl balalara çatdırmışıq.

Sonrakı illər məktub yazaraq dərslikləri Azərbaycan Respublikasının Təhsil Nazirliyindən əldə etmişik və Türkiyədə fəaliyyət göstərən qeyri-rəsmi Azərbaycan məktəbinə aparmışıq.
Tədris vəsaitləri, metodiki vəsaitlər, proqramlarla hər zaman soydaşlarımıza biz yardımçı oluruq.
Amma bu uşaqların oxuması 4 il davam edəcək, yuxarı siniflərdə “Zəhra ana” dərnəyinin buna gücü yetməz.

Ən əsası isə bu uşaqlara təhsil almaları haqqında sənəd verilmir.

Hərf tanımayan, yazma, oxuma bilməyən minlərlə uşağın taleyinə kim məsuliyyət daşıyır?!.
Biz, “Maarifçi Qadınlar” İctimai Birliyi olaraq Türkiyə Cümhuriyyətinin Halqalı qəsəbəsində fəaliyyət göstərən qeyri-rəsmi Azərbaycan “məktəb”inin taleyi, hər hansı bir formadasa rəsmiləşdirilməsi haqqında durumu Azərbaycan Respublikasının Təhsil Nazirliyinə,
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya yazılı şəkildə müraciət etdik. Həmin məktub da Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərildi.
Məsələni təfsilatı ilə yazılı şəkildə Azərbaycan Respublikasının Milli Məclisinə Millət vəkili Fazil Qəzənfəroğlu vasitəsilə çatdırmışıq. O da Azərbaycan Respublikasının Milli Məclisinin iclasında gündəmə gətirdi. Lakin yay tətili başladığı üçün dayandırıldı.

Ümid edək ki, yeni seçilən millət vəkilləri bu məsələyə olduğu qədər ciddi yanaşacaqlar.
İslamın müqəddəs kitabı olan “Qurani-Kərim”də – anbaan elmin dəyəri, üstünlükləri anladılır. Məsələn, “Beşikdən qəbrəcən öyrən”, “Ya elm öyrən, ya elm öyrət, ya da elm öyrədəni sev”, yaxud “Bir saat elm öyrətmək 60 il ibadətə bərabərdir” və s.

Gecikirik, itiririk, amma dözürük, çıxış yolu tapmaqda acizik, ya da heç bu haqda düşünmürük. O uşaqların öz vətənlərində evi də yoxdur. Heç Vətənə dönmək də istəmirlər.

Dünyanın müxtəlif ölkələrində kimlərəsə məktəblər açan Azərbaycanın öz övladları nədən belə yazıq, miskin durumdadırlar?! Bu günə qədər bu barədə necə deyərlər, “nə düşünən var, nə də danışan”.

 

Şərqiyyə Məmmədova,
filologiya üzrə fəlsəfə doktoru,
“Maarifçi qadınlar” İctimai
Birliyinin sədri

www.yenicag.az

1255
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv