Alimlər dəlilik dərəcəsində: Arılarla süni intellekti şüur birləşdirir?
Son elmi araşdırmalar bal arısı ilə süni intellekt əsaslı çatbotların ortaq cəhətinin ola biləcəyini – hər ikisinin şüura malik olduğunu ortaya qoyurb.
Yenicag.az xəbər verir ki, “Trends in Cognitive Sciences” və “Philosophical Transactions B” jurnallarında dərc olunan yeni məqalələr şüurun ölçülməsi barədə sensasiya ilə kəskin skeptisizm arasında orta mövqe tutan yeni nəzəriyyələr təklif edir.
Mövzu ilə bağlı aparılan müzakirələr təkcə elmi deyil, həm də mənəvi əhəmiyyət daşıyır. Çünki varlıqların şüurlu qəbul edilməsi insanlığın etik üfüqlərini genişləndirir. Alimlər hətta dəqiq əmin olmadıqda belə ehtiyatlılıq prinsipindən çıxış edərək canlılara şüurlu yanaşmağı təklif edirlər.
Bu tendensiyanın tərkib hissəsi olaraq 2024-cü ilin aprelində Nyu-Yorkda 500-dən çox alim və filosof tərəfindən imzalanan bəyannamədə şüurun bütün onurğalılarda (sürünənlər, balıqlar və s.), həmçinin həşəratlar və xərçəngkimilər kimi bir çox onurğasızlarda da real olaraq mümkün olduğu bildirilib.
Paralel olaraq “ChatGPT” kimi böyük dil modellərinin sürətli yüksəlişi maşınların da şüurlu ola biləcəyi ehtimalını gündəmə gətirib. Əgər bir neçə il əvvəl şüurun əsas göstəricisi qarşılıqlı söhbət etmək bacarığı sayılırdısa, bu gün süni intellekt bunu asanlıqla bacarır. Lakin ekspertlər xəbərdarlıq edir ki, zahiri davranış aldadıcı ola bilər. Şüur üçün əsas kriteriya “nə etmək” deyil, “necə etmək”dir.
Tədqiqatçıların gəldiyi qənaətə görə, mövcud süni intellekt sistemlərinin heç biri şüurlu deyil. Onlardakı şüur görüntüsü insan beyninin informasiyanı emal etmə strukturundan tamamilə fərqlənir. Lakin gələcəkdə fərqli arxitekturaya malik şüurlu süni intellekt sistemlərinin yaradılmasına heç bir maneə yoxdur.
Digər tərəfdən, bioloqlar həşəratların beyinlərindəki minimal şüuru neyron modelləri vasitəsilə öyrənirlər. Aparılan hesablamalar göstərir ki, canlıların mürəkkəb bədən quruluşu və fərqli ehtiyacları onların təkamül prosesində şüurlu təcrübələr qazanmasına rəvac verib.
Neyroelm və süni intellekt sahəsindəki son nailiyyətlər eyni nöqtədə birləşir: hər hansı varlığın şüurlu olub-olmadığına qərar verərkən onun davranışı deyil, daxili mexanizminin necə işlədiyi əsas götürülməlidir.












