“Teatrımıza “milli” statusu veriləndən sonra maaşlarımız artdı, artıq hansısa ölkədə gedib dincəlmək problem deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Xalq artisti Yasin Qarayev deyib.
O, digər ölkələrdə dincəlməkdənsə, Xəzər dənizinin sahilində istirahət etməyə üstünlük verdiyini bildirib:
“Teatrımıza “milli” statusu veriləndən sonra maaşlarımız artdı, artıq hansısa ölkədə gedib dincəlmək problem deyil.
Artıq teatrda işlərim bitib, istirahət üçün ailəliklə Pirşağıdakı bağ evimizdə dincəlirik. Xəzərin qumu üstə gəzməyi daha üstün tuturam, bu, mənə daha çox müsbət təsir edir. Həmkarlarımdan Türkiyədə və digər xarici ölkələrdə gedib dincələnlər də çoxdur. Görürəm, indi hamı Şuşaya, Laçına axın edir. Mənə də təklif edənlər oldu, işlə bağlı olduğundan gedə bilmədim. Sağlıq olsun, mütləq gedib, o yerlərdə dincələcəyəm. Yəni aktyorların əvvəlkindən fərqli olaraq, çəkilirlər, qazancları da çoxdur, maaşları da yaxşıdır. Hesab edirəm ki, hansısa ölkəyə gedib dincəlmək üçün maddi problemləri yoxdur. İstirahət ildə bir dəfə olur. İstirahətini qabaqcadan planlaşdırıb, qabaqcadan pulunu da yığır. Necə ki, övladına toy edən adam uşağının toy vaxtını müəyyən edəndən sonra əvvəldən pul yığmağa başlayır”.
Cəvahir
www.yenicag.az