Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni tikilən binanın yanından keçən magistral yolda piyada keçidinə ehtiyac yaransa da, problem hələ də öz həllini tapmayıb. Bu isə o deməkdir ki, sözügedən ünvanda yaşayan bina sakinlərinin həyat təhlükəsi davam edir.
Görəsən, insan ölümü qeydə alınmadan problem nə vaxt həllini tapacaq?
Məsələ ilə bağlı ilk müraciət etdiyimiz şəxs Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev oldu. “Biz bununla bağlı Nazirlər Kabinetinin Yol hərəkətinin təhlükəsizliyi komissiyasına təkliflə müraciət etmişik və məsələ təsdiq edilib” deyən qurum rəsmisi daha ətraflı məlumat əldə edə bilməyimiz üçün “Azəryolservis”in mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlamağı məsləhət gördü.
Saytımıza açıqlama verən Anaf Nəcəfli isə piyada keçidinin dəqiq hansı tarixdə inşa ediləcəyi ilə bağlı məlumatlı olmadığını”Piyada keçidi Nazirlər Kabinetinin qərarından asılı olaraq quraşdırılacaq. Dəqiq tarix bilinmir. Bu, birbaşa bizim səlahiyyətimizdə olan məsələ deyil. Bildiyim qədəri ilə bununla bağlı ilkin razılıq əldə olunub. Sadəcə, maliyyə ayrılmalıdır ki, keçidin tikintisinə başlanılsın. Amma keçidin nə zaman hazır olacağı ilə bağlı dəqiq tarix demək çətindir. Keçidin inşası üçün 2, bəzən də 3-4 ay vaxt lazım olur. O da baxır keçidin hansı materialdan və necə inşa olunmasından”.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla da əlaqə saxladıq.
Məsələ burasındadır ki, sözügedən ünvandan əvvəlki dayanacaqda işıqfor var. Və bu da həmin ünvanda yaşayan bina sakinlərinin giriş-çıxışı asanlaşdırıb. Görəsən, Salyan şossesi 22 ünvanında da işıqforun quraşdırılması mümkündürmü? Qurum rəsmisi sualımıza belə cavab verdi:
“Bu məsələdən xəbərdarıq. Ondan əvvəlki binada işıqfor var. Bildiyim qədəri ilə məsələ öz həllini tapanaq qədər həmin işıqfordan ümumi çıxış hazırlanır. Ən azından bina sakinlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələ qaldırılıb. Yadımdadır ki, ölkə başçısı cənab prezident İlham Əliyevin özü də göstəriş verdi ki, giriş-çıxış üçün şərait yaradılsın. Hazırda bununla bağlı iş gedir. Hazırlanan layihə əsasında bu problem də öz həllini tapacaq. Yaxşı olar ki, mərkəzləşdirilmiş işıqfor olsun. Bu da ləngimə hallarının qarşısını alacaq. Təklif edirəm ki, üç binanın bir giriş-çıxış tuneli olsun. Gələcəkdə orda çoxsaylı binalar olacaq. Bina sakinlərinin giriş-çıxışı üçün vahid tunel daha məqsədəuyğundur. Bununla da təhlükəsizlik məsələsi təmin olunacaq”.
Emin Səfərov
Fotolar: Cəmalə Əlizadə
www.yenicag.az