Kanalizasiyaya düşən gəncin ölümü ilə bağlı cinayət işi məhkəmə araşdırmasına verilib
Nərimanov rayonunda, “Baksol yolu” ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə növbəti məhkəməsi keçirilib.

Oxu.Az-ın məlumatına görə, iclas Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baş tutub.
Təqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov iş materialları ilə tanış olarkən istintaq zamanı müəyyən boşluqlara görə işin ibtidai istintaqa qaytarılmasını istəyib:
“İstintaq bir neçə şahid ifadəsini işə daxil etməyib. Bundan başqa, sözügedən hadisə yeri dayanıqlı materiallarla çəpərlənmişdi, lakin ekspert rəyində nəyə görə isə bunun əksini iddia edir. Hadisə yerinin dəqiq müayinəsi aparılmayıb. Büdcə ayrılmalı idi, Azər bəy öz vəsaiti ilə gedib təmir işi apara bilməzdi ki. Ona görə məhkəmə baxışına xitam verilərək, işin ibtidai istintaqa qaytarılmasını xahiş edirik”.
“Əgər bizim orada hər hansı bir iş görməyimizlə bağlı göstəriş olmasaydı, işləməyə imkan verərdilər? Mən nə etməli idim ki, onu etməmişəm?” – təqsirləndirilən Azər Cümşüdov deyib.
Prokuror cinayət işinin baxışa verilməsini məhkəmədən istəyib.
Cinayət işi məhkəmə baxışına verilib.
Növbəti proses dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bakı Sukanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.












