Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə həyata keçirilən “Təmiz ölkəm” təmizlik aksiyasına “Kapital Bank” və “Qırmızı Ürəklər Fondu” da qoşulub.
Yenicag.az xəbər verir ki, ötən həftəsonu baş tutan aksiya çərçivəsində bankın əməkdaşlarından ibarət fondun könüllüləri Xəzərin Hövsan sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak ediblər.
Təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Saipem” və “Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və Eko könüllülər iştirak ediblər. Həmçinin aksiyaya sahil zonasında istirahət edən sakinlər də qatıldılar.
Aksiya zamanı ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazilərdən daşınıb.
“Qırmızı Ürəklər Fondu”nun vitse-prezidenti Yusif Poladov bildirdi ki, təmizlik aksiyasının keçirilməsində məqsəd Xəzərin sahilboyu ərazilərində təmizliyə riayət olunmasını təbliğ etməklə sahil zonalarının plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaqdır. O, vətəndaşlarımızı sosial məsuliyyətli olmağa, təbiətimizə qayğı ilə yanaşmağa çağırdı.
Qeyd edək ki, Qırmızı Ürəklər 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
www.yenicag.az