!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin rejiminin hüquqi əsaslandırmasına İRAD: “Lakin hökumətə dəstək verməliyik” - Əkrəm Həsənov

!Reklam – Yazi

“Belə bir iddialar var ki, guya hökumət pul xərcləməmək üçün fövqəladə vəziyyət elan etmir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirusla bağlı hökumətin tətbiq etdiyi karantin rejiminin və bundan irəli gələn məhdudiyyətlərin hüquqi əsaslarına münasibət bildirən ekspert Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənovun sözlərinə görə, hökumətin tətbiq etdiyi hər hansı qadağa insanların hüquq və azadlıqlarının məhdudlaşdırılması deməkdir. Eyni zamanda, indiki halda tətbiq edilən məhdudlaşdırıcı addımların hüquqi baxımdan əsaslandırılmasında müəyyən yanlışlıqlar var:

Konstitusiyamızın 71-ci maddəsinin II və III hissələrində deyilir: II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

Hökumət rəsmi bəyan etməsə də, II hissəyə əsasən, hüquq və azadlıqları qanunlarda müəyyən edilmiş əsaslarla məhdudlaşdırılmanın düzgün olduğunu düşünür. Əslində, yaranmış mübahisə sözügedən maddənin hansı hissəsinin (II, yoxsa III?) tətbiq edilməsi ilə bağlıdır.

Müvafiq qanun isə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanundur. Belə ki, onun 25-ci maddəsinin üçüncü hissəsində deyilir: “Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər”.

Əkrəm Həsənovun fikrincə, tətbiq olunan məhdudiyyətlərin məzmununa və zəruriliyinə şübhə yoxdur. Analoji məhdudiyyətləri demək olar ki, indi bütün ölkələr bu və ya başqa formada tətbiq edirlər:

“III hissədən fərqli olaraq, II hissədə yalnız məhdudlaşdırmanın əsasının harada təsbit olunması vurğulanır. Bu baxımdan da II hissə sadəcə, ümumi xarakterli müddəadır, yəni konkret deyil.

Nəhayət, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun sözügedən müddəası müvafiq səlahiyyəti nəinki hökumətə, hətta həkimlərə də verir. Eyni zamanda, qanunda söhbət bütün ölkə üzrə deyil, problemin olduğu “müvafiq ərazilərdə və ya obyektlərdə” rejimin tətbiqindən gedir.

Göründüyü kimi, ortada hüquqi mübahisə var. Hökumətin niyə məhz karantin rejimi tətbiq etdiyini bilmirəm. Ola bilər ki, sırf “fövqəladə vəziyyət” termininin əhalini 30 il öncəki acı xatirələrə qərq edərək, təşvişə salmasından ehtiyat edirlər. Başqa səbəblər də ola bilər. Əsas bu deyil. Əsas görülən tədbirlərin səmərəliliyidir”.

Ekspert bildirib ki, mövcud şəraitdə dövlət tərəfindən müvafiq iqtisadi yardımlar göstərilir, müxtəlif layihələr üzərində iş gedir. Böyük ehtimalla, bu tədbirlər davamlı olacaq:

“Əksər ölkələrlə müqayisədə görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirus geniş vüsət almadı, bu bəladan nisbətən yüngül qurtulmaqdayıq. Koronavirusla mübarizə hazırda bir nömrəli məsələdir. Buna görə də hüquqi formalizm, siyasi ambisiyalar və s. məsələlər kənara qoyulmalıdır. Əqidəmizdən asılı olmayaraq, hökumətə dəstək verməliyik”.

Gülşən Şərif

www.yenicag.az

1512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv