“Ərzaq təhlükəsizliyi xidmətinin əməkdaşları gəlib toylarda yeməklərə nəzarət edirlər, ciblərinə pul salanda isə heç nəyi yoxlamırlar”.
Bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 əleyhinə peyvənd vurdurmayan vətəndaşlara qarşı məhdudiyyətləri sərtləşdirməsinin hüquqi baxımdan nə dərəcədə doğru olmasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
BAP sədrinin sözlərinə görə, əhalinin bir hissəsinin vaksinasiyadan yayınmağa çalışması bu istiqamətdə təbliğatın düzgün qurulmamasından qaynaqlanır:
“Əgər vaxtilə koronavirus əleyhinə təbliğatı tibb işçiləri və mütəxəssislər deyil, artistlər aparmasaydı, problem də bu həddə çatmazdı. Digər tərəfdən, görürük ki, dünya ölkələrinin hamısı vaksinasiyadan keçir. Biz də prosesdən kənarda qalmamalıyıq.
Amma bu proses könüllü şəkildə həyata keçirilməlidir. İnsanlar bunun vacibliyinə inanmalıdırlar. Yenə deyirəm, əvvəllər də pandemiya olub və vaksinasiya aparılıb. Azərbaycanda isə belədir ki, bu işləri qaba surətdə həyata keçirəndə insanlarda etiraz yaranır. Fikrimcə, vaksinasiyadan hamının keçməsi lazımdır.
Əlbəttə, insanların seçim hüququ var. Ona görə deyirəm, təbliğat elə aparılmalıdır ki, tələbələr də, müxtəlif sahədə çalışanlar da özləri vaksinasiyanın zəruriliyini qəbul etsinlər. Bizdə bu işlər düzgün aparılmadığı üçün əhalidə inamsızlıq yaranıb.
Baxın, dünyanın harasında var ki, insanlar gedib saxta COVID-19 pasportu alsınlar, yaxud da həkimlər peyvənd vurulması haqda kimlərəsə saxta arayış versinlər? Mən adamları da başa düşürəm, onların etimadı yoxdur. Buna görə də vaksinasiyadan yayınırlar.
Ərzaq təhlükəsizliyi xidmətinin əməkdaşları gəlib toylarda yeməklərə nəzarət edirlər, ciblərinə pul salanda isə heç nəyi yoxlamırlar. Polislər şadlıq sarayının qarşısında durub qonaqları sıyahıya alırlar, pul verəndə saya baxmırlar. İnsanlar hər gün açıqlanan yoluxma sayının doğruluğuna bilmirlər, inansınlar, ya yox.
İmkanlı, vəzifəli şəxslər beş yüz, min nəfərin iştirakı ilə toy etdilər, buna bir söz deyilmədi. Kasıb toya yüz əlli adam çağıranda isə yüz cür problem çıxarırlar. Bütün bunlar təbii ki, əhalidə inamsızlıq yaradır. Problem bundadır”.
A.Zeynalov
www.yenicag.az