Keçirilən reydin nəticələri
Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Samux” EŞ-in də xidməti ərazisində istehlakçıların elektrik enerjisindən qeyri-qanuni istifadə etmələrinin qarşısının alınması istiqamətində reydlər müntəzəm olaraq davam etdirilir.
“Azərenerji”dən verilən məlumata görə, keçirilmiş reydlər zamanı aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə bildirilib ki, elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil edib və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib.
Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd edib ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə ümumi istehlak 97,4 milyon kilovat-saata, o cümlədən oktyabr ayında isə 8,6 milyon kilovat-saata yaxın olub. Nəticədə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə cari ilin 10 ayı ərzində ümumi istehlak 7,3 milyon kilovat-saata yaxın artıb, ödənişdə mütləq artım isə 6 faiz olub. O cümlədən, oktyabr ayında isə istehlak 524 min kilovat-saata yaxın artıb.
2014-cü ilin 10 ayı ərzində daimi əhali istehlakçıları üzrə 20,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 2,2 milyon kilovat-saat çoxdur. Ödəniş isə mütləq 5 faizə yaxın artıb. O cümlədən, oktyabr ayında isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 168 min kilovat-saatdan çox artaraq 1,9 milyon kilovat-saata yaxın olub. Ödənişdə mütləq artım isə 12 faizə yaxın olub.
(azadinform.az)