Keçmiş travmaların AĞIR FƏSADI: “Vaxtında müalicə olunmazsa…” - Psixoloqdan XƏBƏRDARLIQ
Keçmiş travmaların buraxdığı dərin izlər, yaşanan ağır psixoloji problemlər, həyati təhlükə yaradan vəziyyət … Tədqiqatlar göstərir ki, əhalinin 40-90%-i ömründə ən azı bir dəfə də olsa, travmatik hadisə yaşayır.
Günümüzdə tez-tez rast gəlinən posttravmatik stress pozuntusu nədən qaynaqlanır və necə müalicə olunur? Bu xəstəlik sadəcə olaraq psixoloji dəstəklə aradan qaldırılırmı, yoxsa, dərman müalicəsi mütləqdir?
Mövzunu Yenicag.az-a şərh edən Azərbaycan Psixiatriya Assosiasiyasının üzvü və klinik psixoloq Ülviyyə Murtuzova bir çox insanların bu vəziyyətlə qarşılaşdıqlarını bildirib:
“Posttravmatik stress pozuntusu insanın ağır travmatik hadisədən sonra uzunmüddətli psixoloji və emosional çətinliklər yaşaması ilə xarakterizə olunan ciddi stress pozuntusudur. Bu vəziyyət adətən insanın həyatı və ya təhlükəsizliyi üçün ciddi təhlükə yaradan hadisələrdən təbii fəlakət, qəza, bədbəxt hadisə, hərbi əməliyyatlar, fiziki və ya cinsi zorakılıqdan sonra inkişaf edir.
Posttravmatik stress pozuntusu yaşayan insanlar ciddi sosiallaşma problemi yaşayır, evdən kənara çıxarkən, avtomobil idarə edərkən narahatlıqlar, təşviş, həyəcan keçirirlər. Belə vəziyyətdən xilas yolu üçün həmin adamlar mütləq şəkildə və təcili olaraq müalicə almalıdırlar. Müalicə olunmadığı təqdirdə həmin xəstəliyin də üzərinə bir neçə ciddi psixoloji xəstəliklər gətirir”.
Psixoloq belə hal yaşayan insanların sağalmasında ailənin böyük rol oynadığını da vurğulayıb:
“Onu da qeyd edim ki, burada ailə dəstəyi çox önəmlidir. Bu halı yaşayan insanlar evdə müxtəlif vəziyyətə düşə bilərlər. Məsələn səbəbsiz yerə qəfildən ağlamalar, gülmələr müşahidə oluna bilər. Ailə üzvləri buna normal yanaşmalıdır. Elə insanlara qarşı rişxənd olunacaq, aşağılayıcı hərəkətlər olmamalıdır. Xüsusən burada ən incə məqam həmin vəziyyəti yaşayan şəxsi mühakimə etməkdir ki, bu da qətiyyən yolverilməzdir”.
Psixoloqun sözlərinə görə, posttravmatik stress pozuntusunun müalicəsi psixoterapiya terapiyası və konservativ dərman vasitələrinin birgə tətbiqinə əsaslanır. Əks təqdirdə müalicə istənilən effekti vermir:
“Bu üsul qızıl standartdır və paralel olaraq hər iki müalicə üsulundan psixoterapiya və konservativ dərman vasitələrindən birgə istifadəsi olunmalıdır. Əks halda, nəticə əldə etmək mümkünsüzdür. Onu da vurğulayım ki, posttravmatik stress pozuntusunun ağır dərəcələri var ki, bu vəziyyət illərə söykənən müalicə tələb edir. Bəzən iki ilə qədər uğurlu nəticəni əldə edə bilmirik. Buna görə də belə vəziyyət yaşayan hər bir şəxs vaxtında həkimə müraciət etməlidir”.
Cəvahir













