"Kənd qatığı" deyib kraxmal yeyirik? – Bizi "təbii" adı ilə belə aldadırlar...
Marketlərdə “kənd məhsulu” adı altında satılan qidaların həqiqiliyi ilə bağlı müzakirələr səngimək bilmir. Ekspertlər xəbərdarlıq edir ki, bu adla təqdim olunan məhsulların heç də hamısı təbii və ya kənd şəraitində istehsal edilmir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, bəzi işbazlar uzun müddətdir istehlakçıların təbii və sağlam qidaya olan marağından sui-istifadə edərək müxtəlif manipulyasiyalara əl atırlar:
“Marketlərdə “kənd məhsulu” adı ilə təklif olunan malların əksəriyyəti sadəcə vizual brendinqdən ibarətdir. İstehlakçılar həqiqi təbii məhsulu ayırd etmək üçün yalnız etiketdəki cəlbedici sözlərə aldanmamalıdırlar. Burada izlənilə bilmə, sertifikatlaşdırma və orqanoleptik xüsusiyyətlər əsas götürülməlidir. Dövlət nəzarəti effektiv olsa da, saxtakarlıq riskini minimuma endirmək üçün istehlakçıların maarifləndirilməsi həlledici rol oynayır”.
Ekspert qeyd edib ki, mövcud qida qanunvericiliyinə əsasən, “kənd məhsulu” anlayışı hüquqi termin deyil və daha çox marketinq hiyləsi xarakteri daşıyır:
“Əsl fərq orqanik sertifikatı olan məhsullardadır. Bu sertifikat məhsulun tarladan süfrəyə qədər kimyəvi gübrə, pestisid və GMO istifadə edilmədən yetişdirildiyini rəsmən təsdiqləyir. Məsələn, “Quba alması” və ya “Gədəbəy kartofu” kimi coğrafi nişanlar məhsulun məhz konkret regionda yetişdirildiyini göstərir”.
Onun sözlərinə görə, xüsusilə açıq şəkildə satılan məhsullarda gigiyenik risklər daha yüksəkdir:
“Nəzarət mexanizmləri istehsal gigiyenasını təmin etsə də, açıq satılan məhsullarda çarpaz çirklənmə və mikrobioloji təhlükə artır. Ət, süd və onlardan hazırlanan məhsullar bu baxımdan yüksək risk qrupuna daxildir”.
Asim Vəliyev istehlakçılara məhsul seçərkən aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edib:
“Əgər ‘kənd qatığı’nın tərkibində kraxmal, stabilizator və ya süd tozu qeyd olunubsa, bu, artıq sənaye istehsalıdır. Eyni zamanda, etiketdə iri zavod ünvanı göstərilirsə, deməli, bu, sadəcə kənd üslublu sənaye məhsuludur. Həqiqi kənd məhsullarında, bir qayda olaraq, fermer təsərrüfatının və ya kiçik kooperativin adı qeyd olunur. Unutmayın ki, təbii məhsulların saxlama müddəti qısadır uzun rəf ömrü konservantlardan və ya ağır termik emaldan xəbər verir”.
Ekspert əlavə edib ki, saxtakarlıqların qarşısını almaq üçün yeni mexanizmlərin tətbiqi qaçılmazdır:
“QR-kod sistemi tətbiq olunmalı və hər bir məhsulun hansı fermadan gəldiyini göstərən izlənilmə mexanizmi yaradılmalıdır. Yalnız sertifikatlı orqanik istehsalçılara ‘təbii’ terminindən istifadə icazəsi verilməlidir. Həmçinin, kənd yumurtalarının keyfiyyətinə nəzarət məqsədilə laborator yoxlamalar intensivləşdirilməlidir”.
Sonda ekspert istehlakçıları açıq şəkildə satılan süd məhsulları ilə bağlı xüsusi diqqətli olmağa çağırıb:
“Pasterizə olunmamış süd və pendirlər 5°C-dən yuxarı temperaturda saxlanıldıqda sürətlə patogen bakteriyalar yaradır. Qablaşdırma yoxdursa və ya soyuducu zəncir qorunmursa, məhsulun ‘təbii’ olması onun təhlükəsiz olması demək deyil”.
Samir Məcidov













