"Kəndli vasitəçilərin caynağında, gənclər isə qaçır": Kənd təsərrüfatı niyə MƏHV OLUR?
Kiçik ailə təsərrüfatlarının zəifləməsi və kənd yerlərində aqrar sahəyə marağın azalması Azərbaycanda milli ərzaq təhlükəsizliyi üçün ciddi siqnala çevrilib. Artan xərclər, satış bazarlarına çıxışın bağlanması və sosial infrastrukturun çökməsi ailə təsərrüfatlarını iflasın astanasına gətirib.
Bu barədə Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.

Ekspert bildirib ki, kiçik istehsalçıların belini qıran əsas iqtisadi amil istehsal xərclərinin fantastik sürətlə artmasıdır:
“Yanacaq, gübrə, toxum və texnika xərcləri çox vaxt kiçik fermerin cibini aşır. Əldə olunan gəlir xərcləri kompensasiya etmir. Vasitəçilərin bazardakı dominantlığı isə fermerin payını minimuma endirir, bu da kəndlinin həvəsini tamamilə öldürür”.
Akif Nəsirli kəndlərdəki sosial vəziyyətin də ağır olduğunu vurğulayıb:
“İnfrastruktur zəif, təhsil və səhiyyə xidmətlərinə çıxış problemlidir. Gənclər üçün alternativ inkişaf imkanları olmadığı üçün kəndlərdən şəhərlərə köç sürətlənir. Kənd təsərrüfatı artıq gənclər üçün gələcək vəd etmir”.
Ekspertin fikrincə, mövcud subsidiya və kredit mexanizmləri kiçik fermerlər üçün deyil, iri aqrar korporasiyalar üçün əlçatandır:
“Subsidiyalar xərclərin yalnız cüzi hissəsini öyrəyir. Güzəştli kreditlərdəki ağır girov tələbləri isə kiçik fermer üçün ‘keçilməz divar’dır. Maarifləndirmə və bazara çıxış dəstəyi isə sistemli deyil”.
Akif Nəsirli vəziyyətdən çıxış yolu kimi xüsusi siyasət paketinin hazırlanmasını, kooperasiya mexanizmlərinin gücləndirilməsini və kəndlərdə rəqəmsal texnologiyaların tətbiqini təklif edib.
Samir Məcid












