“Kimin dəyirmanına su tökürük…”
Son günlər cəmiyyətdə baş verən bəzi xoşagəlməz olaylara müxtəlif münasibətlər bildirilir və hər kəs öz arqumentini haqlı sayır. Konkret olaraq, heç kəsin birmənalı qəbul etmədiyi pornovideolar ətrafında müzakirə və mübahisələr səngimir. Biz ilk günlər düşünürdük ki, bunlar tezliklə keçər və cəmiyyətimiz çox da dərinə gedib belə mənəviyyatdankənar olaylara ciddi reaksiya verməz. Ona görə də, mediaholdinq olaraq, məsələnin qapadılmasına qərar vermişdik. Lakin qeyd etdiyim kimi, ocağın üstünə su əvəzinə benzin töküb alovlandıraraq subyektiv münasibət sərgiləyənlər, bəzən debatlarda az qala əlbəyaxa olanlar artıq hamını bu olaylara fikir bildirməyə vadar etdiyini görüb cəmiyyətdə tanınmış şəxslərə müraciət etmək qərarına gəldik. Sabiq millət vəkili Əlövsət Ağalarov sualımızı dinləyəndən sonra belə biabırçı hadisə barədə danışmaq istəmədiyini bildirdi, amma təkidli təklifimizdən sonra razı sala bildik. İzah etdik ki, ziyalı sözünə cəmiyyətin ehtiyacı vardır. Vaxtında belə halları yaradanlara “dur!” deməsək, daha iyrənc hadisələrlə qarşılaşa bilərik. Beləliklə, Əlövsət müəllimin fikirlərini olduğu kimi təqdim edirik.
“Mən əslində heç zaman heç kimin haqqında şər, böhtan, qərəzli münasibətin tərəfdarı olmamışam və bunu hamıya tövsiyyə edirəm. Belə halları dinimiz də, Konstitusiyamız da, ayrı-ayrı cinayət-prosessual müddəaları da qadağan edir. Bəs nə baş verir ki, insanlarımız bu qədər elektrikləşir, aqressivləşir və az qala bir-birinin qanına yerikləyir? Bu olaya ilk obyektiv reaksiya verənlərdən biri saytınızın rəhbəri sabiq millət vəkili hörmətli Aynur xanım Camalqızı oldu. Baxın, bir tərəfdən dünyanı ağuşuna alan pandemiya adlı ölüm kabusu, bir tərəfdən qloballaşmanın neqativ fəsadları, digər tərəfdən ölkəmizə qənim kəsilən xarici düşmən güclər səhra qasırğası kimi nəfəzimizi kəsməyə çalışdıqları bir dövrdə içimizdən özümüzün özümüzə qənim kəsildiyinin şahidi, bəzən də iştirakçısı oluruq. Bu bir sadəlövhlükmü, korluqmu, burnunun ucundan o tərəfi görməməkmi?! Cənablar, 30 ildir həsrətlə gözlədiyimiz dədə-baba torpaqlarımız Ali Baş Komandamızın birbaşa rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən qanla-qadayla alınanda Qələbə sevinciylə bərabər qəlbimizə bir məmnunluq da hakim kəsildi: artıq bu gündən millətimizin hər bir üzvü sənin ailə üzvün oldu! Hamı bir-birinə qardaş oldu!.. Sən demə, belə deyilmiş. Şeytan ortadan çıxmayıbmış! Araqarışdırmadaymış. Belə bir deyim var: kimi tez çağırsan, o gələr–rəhmani qüvvələri çağırsan o gələr, şeytani qüvvələri çağırsan–o! İndi bizim birincini çağırmaq məqamımızdır! 30 il bəs etmədimi?! Yoox, şeytani qüvvələr yatmayıb. Rəhmətlik nənəm həmişə deyərdi ki, yatanda elə yatın ki, gözünüzün biri açıq qalsın, çünki şeytan açıq gözdən qorxur. İndi biz eynən belə etməliyik. Tez-tez eşidirik: 3-cü qüvvə, 4-cü qüvvə, 5-ci qüvvə (kolon da deyirlər). İnanmaq istəmirdik, amma baş verən olaylar bunun real olduğunu ortaya qoyur. Deyəsən, verdiyiniz sualdan bir az uzaqlaşdım, amma bu fikirlərimi bildirməsəm, cavablarım da yarımçıq olardı. Son günlər baş verən biabırçı olaya gəldikdə, mən nə obyektə (hadisənin iştirakçısına), nə də subyektə (hadisəni yayanlara) haqq qazandırıram. Hər ikisi eyni əxlaq daşıyıcılarıdır. Əlbəttə, cəmiyyətdə tanınmış məşhur şəxslərin, tənqidçi missiyasını boynuna götürmüş ictimai-siyasi fəalların özləri, ailə üzvləri, qohum-əqrəbaları, silahdaşları öz davranışları, hərəkətləri və fəaliyyətləri ilə hamıya nümunə olmalıdırlar, ən azından ictimai qınağa tuş gəlməmək üçün bir növ, asket həyat tərzi seçməlidirlər. İndi bizdə Əxlaq Polisi yoxdu deyə, nə istəyirlər etsinlər prinsipi yerimir. Sənin öz içindəki Əxlaq Polisin xoşagəlməz hallardan səni qorumalıdır. Yoxsa belə eybəcərliklər sənin imicini ləkələyəcəkdir. İndi bir şüar atıblar ortaya: Avropa dəyərləri! Nə Avropa dəyəri? Bəs min illərdir bu millətin daşlaşmış milli-mənəvi dəyərləri noldu? Avropada eynicinsli nikah sənin dəyərindən üstün oldumu? Bəlkə də bir-iki dəfə Avropaya gedib-gələnlər üçün bu cür “dəyərlər” keçərlidir, amma mən gedib Kəlbəcərin Şurtan kəndində Fatma xalaya, Əbdüləziz kişiyə bunu desəm, çomağını haqlı olaraq təpəmə çırpar ki, belə-belə olsun sənin Avropa dəyərin də, sən də! Mənim dədə-baba dəyərim var!
İndi keçək subyektə–əlbəttə, Ana Qanunumuza görə vətəndaşın şəxsi həyatı toxunulmazdır! Bu qanunu pozanlar ciddi şəkildə cəzalandırılmalıdır! Bunun alternativi yoxdur. Kim edibsə dövlət orqanları dərhal tapıb cəzasını verməlidir ki, cəmiyyətdəki aqressiya yumşalsın və hamı da görsün ki, cinayətkar cəzalandı. Belə olan halda, hesab edirəm ki, bu cür əxlaqsızlığı yaymağa bir daha kimsə cürət etməz. Bu xoşagəlməz olayda adı hallandırılan Dövlət Təhlükəsizlik Xidməti yaydığı bəyanatda göstərdi ki, milli və dövlət təhlükəsizliyinin qarantı olan bu ciddi qurum belə halları pisləyir və burada əlinin olmadığını xalqa bildirdi. DTX-nın rəisi hörmətli Əli Nağıyevlə şəxsi tanışlığım olmasa da, onun mənsub olduğu nəslin-kökün ağsaqqallarını yaxşı tanıyıram. Milli-mənəvi dəyərlərimizə sadiq əsl ziyalı, dürüst bir ailədən çıxan insan heç vaxt razı olmaz ki, ailə dəyərlərimiz, mentalitetimiz zədələnsin, kiminsə şərəf və ləyaqəti ayaqlar altına atılsın. Eyni zamanda, hər bir şəxs ilk öncə şərəf və ləyaqətini özü qorumalıdır. Yeri gəlmişkən, bu olayla bağlı fəal ictimai xadim milli ruh daşıyıcısı sandığım hörmətli Tənzilə xanım Rüstəmxanlı bir məqalə ilə mənim dediklərimi dolayısı yolla təsdiq etmiş oldu. Tənzilə xanım bir klassik türk qadını kimi, bir ana, nənə kimi belə olaylara əsl Ana münasibətini ortaya qoyub. Mən DTX-nın 44 günlük Vətən müharibəsindəki xidmətini xüsusi vurğulamaqla demək istəyirəm ki, düşmən–istər açıq, istərsə də gizli–Azərbaycanın müxtəlif bölgələrində, xüsusən Bakı başda olmaqla, iri şəhərlərində çox böyük təxribatlar törətmək niyyətində olduqlarını heç gizlətməmişdi də. Rusiyada çıxan bir neçə mətbu orqanda müharibədən sonra bu barədə yazılar verilmişdi. Bizim Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi başda olmaqla bütün əməkdaşları bu təxribatların bircəsinə də imkan vermədi. İndi belə biabırçı olayları bu qurumun adına yazmaqla, kimin dəyirmanına su tökürük? Əlbəttə, düşmənin! Bayaq qeyd etdiyim o şeytani qüvvələr xalqımızın arasında nifaq toxumu səpməklə nüfuzlu və peşəkar bir orqanın fəaliyyətinə kölgə salmaq niyyətindən əl çəkməyib. Ayıq-sayıq olun, dostlar. Bizim Dövlət Təhlükəsizlik Xidməti sovet KQB-si deyil, milli-vətənpərvər övladlarımızdan təşkil olunmuş peşəkar zabitlər ordusudur. Ona görə də, torpaqlarımızı, eyni zamanda zədələnmiş, deyərdim lap yox olmuş qürurumuzu özümüzə qaytaran Milli Ordumuza, Milli “çekist”lərimizə, bütövlükdə bütün əsgər və zabitlərimizə sahib çıxmaq hamımızın borcudur. Bu fövqəlbəşər Qələbəmizi sınıra bilməyən düşmən öz çirkin əməllərinə nail ola bilmədiyi üçün millətimizi içəridən öz əlimizlə parçalamaq, aramıza nifaq toxumu səpmək istəyir. Ona görə də, iqtidarlı-müxalifətli, razılı-narazılı hamımız milli birliyimizi görüntü üçün yox, əsl həqiqət kimi qoruyub saxlamalıyıq. Başqa yolumuz yoxdur! Düşmən oyaq, şeytan iş başında, dəyirman çax-çuxunda! Bizə nə olub? Biz niyə bir-birimizə qənim kəsilək? Nəyin naminə, kimin xatirinə? Dahi Füzuli demişkən: düşmən qəvi, tale zəbun…
İndi həsrətini çəkdiyimiz torpaqlarımızı abadlaşdırmaq, nisgilli camaatımızı dədə-baba yurdlarına qaytarmaq üçün ev-eşik qurmaq, düşmənə göz dağı verib məhv etmək əvəzinə, bir-birimizlə didişmək yalnız və yalnız bir qüvvəyə–adına 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və s., kolon dediyimiz imperialist güclərin əlinə işləyir! Milli birliyimizlə bu cür şeytani qüvvəyə qalib gələ bilərik. İstəsək də, istəməsək də, biz buna məhkumuq!”
www.yenicag.az