“Trampın andiçməsinə qədər Ukraynaya son şans verildi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Qərb silahları ilə Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsinin geosiyasi müstəvidə nələrə səbəb olacağından danışan politoloqun sözlərinə görə, Qərb Ukraynaya ballistik raketlərdən istifadəyə icazə verib:
“Bu silahlar 300 kilometr məsafədəki obyektləri vuracaq qədər dəqiq və yüksək texnologiya ilə təchiz olunub. Ukrayna qısa müddətlik effektiv döyüş imkanı qazanacaqdı, çünki Rusiya ilə müharibə aparmaq çox yorucu prosesdir. Ukrayna isə artıq kifayət qədər yorulub, hətta bu, Ukraynanın son “kozır”ıdır.
Siyasi təhlilçi əlavə edib ki, Ukrayna uzun müddət Qərbdən silahların istifadəsinə dair razılıq ala bilmirdi:
“ABŞ-də seçkilər sonrası buna icazə verildi. Yəni Trampın andiçməsinə qədər Ukraynaya son şans verildi. Əslində, bu, Qərbin Ukrayna müharibəsi ilə bağlı “tamam, yoxsa davam” yanaşmasının dəqiq cavabı idi. Əgər yenə də Ukrayna Rusiyaya qarşı ciddi addımlar ata bilməzsə, artıq Trampın hakimiyyətə gəlişi fonunda Putin-Tramp danışıqları, ən azından, atəşkəs razılaşması ilə sonlanacaq”.
“Dünya müharibəsi kimi gözləntilər isə real deyil. Çünki bunun üçün əsas yoxdur. Müharibə Rusiya və Ukrayna arasında gedir. Rusiyanın nüvə doktrinasında dəyişiklik etməsi isə dünya müharibəsinin başlayacağına əsas vermir. Rusiya, sadəcə, göz qorxutmaq üçün belə bir addım atıb. Özü də yaxşı bilir ki, bu silahdan istifadə etmək ciddi fəsadlara gətirib çıxara bilər. Heç NATO ilə də qarşıdurmaya getməyəcək. Qərbin də Rusiya ilə birbaşa qarşıdurmaya getməsi real görünmür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az