Ötən gün Kiyevdə güllələnərək öldürüldüyü açıqlanan rusiyalı jurnalist Arkadi Babçenko sağdır.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak media üçün təşkil olunan xüsusi konfrans zamanı açıqlayıb.
Qritsak bildirib ki, Babçenkonun öldürülməsi ilə bağlı tarixçə jurnalistə qarşı hazırlanan sui-qəsdi üzə çıxarmağa yönəlmiş tamaşa idi: “Mən Babçenkonu üçüncü doğum günü münasibətilə təbrik edirəm”.
Kəşfiyyat rəhbərinin bu sözlərindən sonra Babçenko zala daxil olub.
Qritsak sui-qəsdi Rusiya xüsusi xidmət orqanlarının sifariş etdiyini bildirib: “İstintaqla müəyyən edilib ki, Babçenkoya qarşı hazırlanan terror aktı Rusiya kəşfiyyatının öz siyasi baxışlarına görə ölkədən qaçaraq Ukraynaya, eləcə də Avropa ölkələrinə sığınan Rusiya vətəndaşlarının fiziki məhvinə yönəlmiş əməliyyatının yalnız bir elementidir”.
SBU rəhbəri sui-qəsdin təşkilatçısının bu gün Kiyevdə yaxalandığını da açıqlayıb: “Üç saat əvvəl bu cinayətin təşkilatçısı Kiyev şəhərində bizim tərəfimizdən saxlanılıb. Hazırda bu vətəndaşla bağlı istintaq tədbirləri həyata keçirilir. Onun yaşadığı və müvəqqəti qaldığı yerlərdə axtarış təbirləri aparılır”.
Verilən məlumata əsasən, ona sui-qəsd müqabilində 40 min dollar məbləğində pul ödənib.
Babçenko özü də baş verənlərlə bağlı fikirlərini bölüşüb. Həyat yoldaşından, onun “ölümünə” görə iztirab keçirən hər kəsdən üzr istəyən jurnalist özü də ona qarşı sui-qəsdin Rusiya xüsusi xidmət orqanları tərəfindən sifariş edildiyini bəyan edib.
“Həmkarlarımızı dəfn etməyin necə ağır hiss olduğunu bilirəm. Bu hissləri keçirməli olduğunuza görə, üzr istəyirəm. Amma başqa cür mümkün deyildi. Mən indi Ukrayna təhlükəsizlik xidmətinin xüsusi əməliyyatının detalları haqda məlumat verə bilərəm. Bunun nəticəsində biz nəinki bu təxribatın qarşısını almışıq, həm də eyni zamanda Rusiya xüsusi xidmət orqanları tərəfindən bu cinayətə hazırlığı sənədləşdirə bilmişik. Bu xüsusi əməliyyata iki ay idi hazırlıq gedirdi”.
Həmin görüntüləri təqdim edirik:
www.yenicag.az